Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi "Forbes" jurnalına etiraz məktubu göndərib

Avqustun 9-da “Forbes” jurnalında Aleks Ledsomun müəllifliyi ilə “Karantindən sonra ilk səyahət? Mövcud olmayan ölkəyə gedin” adlı köşə yazısı nəşr edilib.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) mətbuat xidmətindən  bildiriblər ki, yazıda müəllif tarixdə mövcud olmuş Venesiya Respublikasına, İspaniyanın cənubundakı Əndəlüsə, eləcə də İkinci Dünya müharibəsindən sonra Britaniya sahillərinə yaxın adalardan birində Roy Bates tərəfindən elan edilən Siland dövləti kimi ekzotik yerlərə səyahəti tövsiyə edib.

Yazıda yuxarıda göstərilən ərazilərin maraqlı və əyləncəli tarixindən bəhs etdikdən sonra müəllif işğal edilmiş Dağlıq Qarabağ və Abxaziyaya da səfərləri məsləhət görüb. Müəllif bu ərazilərin təbii gözəlliklərindən bəhs etməklə yanaşı, tarixi və siyasi məqamlarına dair təhriflərə yol verib.

Məsələ ilə əlaqədar Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Fuad Çıraqov mərkəz adından “Forbes” jurnalının redaktorlarına müvafiq qaydada etiraz məktubu göndərib. Müraciətdə F. Çıraqov yuxarıda qeyd edilən yerlərlərin hazırda qanunsuz şəkildə işğal altında qalan ərazilərlə müqayisəsinin yolverilməz olduğunu və məqalənin beynəlxalq ictimaiyyətin çaşdırılmasına xidmət etdiyini göstərib. F.Çıraqov yazıda qeyd edildiyi kimi Dağlıq Qarabağın heç bir beynəlxalq hüquqi sənəddə “mübahisəli ərazi” (disputed territory) kimi göstərilmədiyini diqqətə çatdıraraq, müxtəlif beynəlxalq təşkilatların müvafiq sənədlərində məhz işğal faktının təsbit edildiyini bildirib. Bundan əlavə, F. Çıraqov işğal edilən ərazilərə səfərlərə insanları dəvət etməklə onların hüquqi məsuliyyətlərlə və müxtəlif təhlükələrlə üzləşə biləcəklərinə görə də yazı müəllifinin məsuliyyət daşıdığını jurnalın redaksiyasının diqqətinə çatdırıb.

BMTM-nin əməkdaşı işğal edilmiş ərazilərə səfər edənlərin Azərbaycan qanunvericiliyi ilə hansı məsuliyyətlər daşıdığını və işğalçı rejimlərin həmin ərazilərdən qovulmuş insanların əmlaklarının qeyri-qanuni şəkildə istismarında iştirak etdiklərini “Forbes”ə bildirib.

Bu müraciətin nəticəsində “Forbes” qeyd edilən yazıda müvafiq dəyişiklik edərək, işğal altındakı Dağlıq Qarabağa və Abxaziyaya aid hissələri məqalədən çıxararaq xüsusi qeyd yerləşdirib. Qeyddə göstərilir ki, göstərilən yerlər münaqişəli ərazilərdir və buna görə də həmin bölgələrə səfərlər tövsiyə edilmir.