Hikmət Hacıyev: Xaricdəki vətəndaşlarımızın Azərbaycana gətirilməsi davam etdirilir

Azərbaycan vətəndaşlarının xaricdən gətirilməsi ilə bağlı gələn həftəlik proqramımız hazırdır, qərarlarımız da var. Bu da əsasən Azərbaycan-Rusiya quru sərhədi boyunca vətəndaşlarımızın ölkəyə gətirilməsi ilə bağlıdır.

Bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Prezidentin köməkçisi bildirib ki, Mərkəzi Asiya ölkələrindən, o cümlədən Türkmənistan və Qazaxıstandan Azərbaycan vətəndaşlarının testdən keçərək müxtəlif qruplarla bərə nəqliyyatı vasitəsilə ölkəmizə gətirilməsi davam etdirilir. Bundan əlavə, Bakı-İstanbul istiqamətində reyslər də fəaliyyət göstərir.

“Vətəndaşlarımızı zərurət olmadığı təqdirdə xarici səfərlər etməməyə çağırırıq”, - deyə Hikmət Hacıyev qeyd edib.