Anar Eyvazov: Ermənistan hərbi birləşməsinin komandanlığına təslim olmaq təklif edilib

Ermənistan silahlı qüvvələrinin Ağdərə yaşayış məntəqəsində yerləşən qarnizonunun tam məhv edilməməsi və döyüş itkilərinin sayının artmaması məqsədilə Azərbaycanın Hərbi Komandanlığı tərəfindən bu istiqamətdə yerləşən erməni komandanlığına müqavimət göstərməmək, silahı yerə qoyaraq təslim olmaq təklif edilib.

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov sentyabrın 27-də keçirilən brifinqdə deyib.

Polkovnik-leytenant vurğulayıb ki, Azərbaycan Ordusunun komandanlığı hərbi əsirlər və mülki şəxslərlə davranışın Cenevrə Konvensiyasının tələbləri və beynəlxalq humanitar hüquqa əsasən həyata keçiriləcəyini bildirib. Müqavimət göstəriləcəyi təqdirdə hər bir silahlı şəxs tərəfimizdən zərərsizləşdiriləcək.

“Əlavə olaraq bildirirəm ki, əks-həmlə əməliyyatı həyata keçirən Azərbaycan Ordusu bölmələrinin zərbələri nəticəsində düşmən çoxlu sayda zirehli texnikanı döyüş meydanında qoyaraq qaçıb. Ermənistan qoşunlarının məhv edilən, eləcə də ərazidə qalan hərbi texnikalarının videogörüntüləri ictimaiyyətə təqdim olunub. Əlavə olaraq ictimaiyyətə məlumat veriləcək”, - deyə Anar Eyvazov deyib.