Azərbaycanın mülki əhalisinə qarşı qadağan olunmuş silahlardan istifadəyə dair hesabat təqdim olunub

Müvəkkil Hüquq Mərkəzi və Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası birlikdə “Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı qadağan olunmuş silahlardan istifadəyə” dair hesabatın təqdimatını keçirib.

Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov bu hesabatda müharibə zonasına aid olmayan ərazilərdə mülki əhaliyə və mülki obyektlərə həm ballistik raketlərdən, həm kasetli bombalardan, həm də fosforlu mərmilərdən istifadə olunmaqla hücuma dair faktların olduğunu bildirib. O deyib: “Fosforlu bombalardan Tərtər rayonu ərazisində istifadə olunması öz əksini tapıb və insan orqanizminə əks təsiri ilə bağlı tibbi rəylər almışıq. Bu bombalar həm Cenevrə Konvensiyasına, həm də bu cür silahların qadağan olunması ilə bağlı konvensiyalara əsasən qadağandır. Nəticə etibarilə, bu silahların istifadəsi çox ağır fəsadlar törədib, mülki əhalini kütləvi şəkildə zəhərləyib. Gəncə, Bərdə, hətta Ağdaş, Beyləqan rayonlarında qadağan olunmuş silahlardan istifadə edilib, nəticədə 93 nəfər həlak olub, 404 mülki şəxs yaralanıb”.

Müvəkkil Hüquq Mərkəzinin sədri qeyd edib ki, hesabatda həmin şəxslərin adları qeyd olunub: “Körpə uşaqlar, yaşlılar, qadınlar, bir sözlə, mülki əhalinin bütün yaş qruplarından insanlar həlak olub. Zərərçəkənlərin fərdi qaydada Avropa Məhkəməsinə müraciət etməsi üçün onlara kömək göstərəcəyik. Onların kompensasiya tələb etmək hüququ var və bu, beynəlxalq humanitar qanunla tənzimlənir”.