Azərbaycan XİN Rusiya Prezidentinin Ermənistan-Azərbaycan münaqişəsinə dair müsahibəsinə münasibət bildirib

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Rusiya Federasiyasının Prezidenti Vladimir Putin noyabrın 17-də Ermənistan-Azərbaycan münaqişəsinə dair müsahibəsi ilə əlaqədar KİV-in sualını cavablandırıb.

Həmin sualı və cavabı təqdim edirik.

Sual: Rusiya Federasiyasının Prezidenti noyabrın 17-də Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı medianın suallarını cavablandırdı. Bu müsahibəni necə qiymətləndirirsiniz, vurğulanan məqamlarla bağlı nə deyə bilərsiniz?

Cavab: Azərbaycan Rusiya tərəfinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün göstərdiyi səyləri yüksək qiymətləndirir. Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür və ATƏT-in Minsk qrupunun üç həmsədr dövləti arasında bölgəmizə birbaşa həmsərhəd olan, onunla çoxillik tarixi əlaqələrə malik yeganə ölkədir. Bu, Rusiyanın Cənubi Qafqazda təhlükəsizliyin, sabitliyin və sülhün möhkəmləndirilməsində birbaşa marağını izah edir.

Müsahibədə Rusiya dövləti başçısının vasitəçiliyi ilə bu il 9 noyabr tarixli razılaşmanın əldə olunmasında oynadığı mühüm rol haqqında kifayət qədər ətraflı məlumat verilib. Rusiya Prezidentinin şəxsi rolu, bu il 9 noyabr tarixli üçtərəfli bəyanatın altındakı imzası onun sülh prosesinə son dərəcə əhəmiyyətli töhfəsini və bu prosesin geriyə dönməzliyinə zəmanətdir.

Rusiya Prezidentinin üçtərəfli bəyanatın mühüm bir nailiyyəti kimi qan tökülməsinin dayandırılması olduğuna dair qiymətləndirməsini tamamilə bölüşürük. Azərbaycan tərəfi müharibənin ilk dəqiqələrindən bəri beynəlxalq birliyin atəşkəs çağırışlarını həmişə və tamamilə dəstəkləyib.

Rusiya Prezidenti öz müsahibəsində həll prosesi tarixinə də toxunub.

Prezident Vladimir Putinin beynəlxalq hüquq nöqteyi-nəzərindən həm Qarabağın dağlıq hissəsinin, həm də onun ətrafındakı bütün bölgələrin Azərbaycan ərazisinin ayrılmaz hissəsi olduğu barədə sözləri xüsusi əhəmiyyət kəsb edir. Rusiyanın bu mövqeyi BMT Təhlükəsizlik Şurasının qətnamələri, ATƏT-in və digər beynəlxalq təşkilatların qərarlarının möhkəm təməlinə söykənir.

Rusiya Prezidentinin müsahibəsində ölkəmizin işğal edilmiş ərazilərinin Ermənistanın nəzarəti altında olması barədə açıqlaması son dərəcə mühüm xarakter daşıyır. Bu açıqlama erməni tərəfinin dünya ictimaiyyətini aldatmaqla Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistanın yaratdığı qanunsuz rejimi ön plana gətirmək cəhdlərinin tamamilə uğursuz olduğunu təsdiqləyir.

Qeyd edək ki, Ermənistan rəhbərliyinin münaqişə çərçivəsinin genişləndirilməsi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını münaqişəyə cəlb etmək cəhdləri uğursuz oldu. Rusiya Prezidenti müsahibəsində bir daha açıq və aydın şəkildə heç kimin Ermənistan ərazisinə təcavüz etmədiyini bəyan etdi. Beləliklə, bütün döyüş əməliyyatlarının 1990-cı illərdə ölkəmizin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazisində baş verdiyi barədə Azərbaycanın mövqeyi təsdiqləndi.

Xüsusilə qeyd olunmalıdır ki, Rusiya Prezidenti Ermənistan tərəfinin cari ilin 9 noyabr tarixli razılaşmanın şərtlərini yerinə yetirməkdən ehtimal olunan imtinasını “böyük səhv” və hətta “intihar” kimi xarakterizə edib. Bu qiymətləndirməyə tamamilə şərik oluruq. Prezident Vladimir Putin müdrikcəsinə qeyd etdiyi kimi, Rusiyanın fəal dəstəyi ilə əldə olunan üçtərəfli bəyanat münasibətlərinin uzun müddətə normallaşdırılması üçün yaxşı zəmin yaradır.