İsmayıllıda koronavirus xəstəsi məhkəməyə çıxarılacaq

İsmayıllı rayonunda aktiv koronavirus xəstəsi olduğu halda yaşayış yerini tərk edən rayon sakini barəsində başlanmış cinayət işi üzrə məhkəmə prosesinin vaxtı müəyyənləşib.

Rayon sakini Qüddəsərov Mayıl Xəmi oğlu barəsində olan cinayət işinin materialları İsmayıllı rayon məhkəməsinə göndərilib. İş üzrə məhkəmənin hazırlıq iclası fevralın 18-nə təyin olunub. Prosesə hakim İlqar Hüseynov sədrlik edəcək.

 
Xatırladaq ki, İsmayıllı rayon sakini koronavirus infeksiyasına yoluxan M. Qüddəsərova evdə müalicə təyin edilsə də, o icazəsiz olaraq yaşayış yerini tərk edib. Hüquq - mühafizə orqanları əməkdaşlarının nəzarət tədbirləri nəticəsində İ. Qüddəsərov ictimai yerdə aşkar edilərək evinə qaytarılıb. Onun barəsində Cinayət Məcəlləsinin 139 -1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə cinayət işi başlanıb.