Müdriklik karvanı-Səməd Vəkilov yazır…

Müdriklik Oğuz-türk düşüncəsinin arxaik yaddaşından gələn davranış modelidir. Həyatda bəzi şəxslər var ki, onlar bu düşüncənin daşıyıcısına çevrilir və beləliklə müdriklik karvanı öz yolunu davam etdirir. Haqqında söhbət açacağımız işıqlı şəxsiyyət İsa Əhməd bəy oğlu Vəkilov bu karvanın daşıyan sərbanlardan biri idi. O, bu tarixi missiyanı ləyaqətlə yerinə yetirdi və əbədiyyətə qovuşdu. Ömrünün böyük bir hissəsini maarifçiliyə həsr etmiş İsa Vəkilov intellektual bir insan idi. O, geniş dünyagörüşə, dərin müşahidə qabilliyyətinə malik bir insan idi. Ölümündən bir neçə gün əvvəl Şərq fəlsəfəsinə aid jurnal oxuyurdu. İsa Vəkilovun məşəqqətli, keşməkeşli və iztirab dolu maraqlı həyat hekayəsinin əsas cizgilərindən biri də məhz insanlara elm, təhsil vermək idi.

Taleyin hökmü ilə ailəsi ilə birlikdə köçdüyü Bərdə rayonunun İmirli kəndinin ilk ibtidai orta məktəbinin yaradıcısı və ilk müəllimi də məhz İsa Vəkilov olmuşdur. Yeni salınmış kənd üçün ibtidai məktəbin yaradılması sovet bürokratik aparatının ən güclü vaxtında nə demək olduğunu anlamaq o qədər də çətin deyil. Əllinci illərdə İmirli kəndində ilk ibtidai təhsil müəssisəsi uşaq bağcası (uşaq bağcasına həyata yoldaşı Əminə xanım rəhbərlik etmişdir) və ilk dükanın açılması məhz İsa Vəkilovun adı ilə bağlıdır. Sonrakı fəaliyyəti dövründə bir müddət İsa Vəkilov Bərdə rayon mərkəzində mağaza müdiri, Bakı şəhərində müxtəlif vəzifələrdə çalışsa da, insanlar ona İsa müəllim deyə müraciət edirdilər.

Nəslimizə məxsus emosianal və çılğın davranış çalarları İsa müəllimin xarakterində sezmək mükün deyildi. Həyat onu tamam başqa cür formalaşdırmışdır. O, daimi qayğı çəkən fədakar bir obrazda idi. Tanrı onu müdrik ağsaqqal obrazında yaratmışdı. Heç bir halda təmkini pozmayan İsa müəllim həqəiqətən müdirk bir şəxsiyyət idi. Təvəzökarlıq nümunəsi idi, heç vaxt mən bunu etdim, onu etdim deyə qürrələnməyi sevməzdi. Etdiyi hörməti, verdiyi payı dilinə gətirməzdi. Artıq İsa Vəkilovun gözlərini əbədiyyətə yumduğu vaxtdan on ilə yaxın vaxt keçir. Ruhun şad olsun, işıqlı insan!

Səməd Vəkilov

Hüquqşünas