Umayra Tağıyeva: Hidrometeorologiya sahəsində texnoloji biliklərə malik olan gənc kadrlara ehtiyac var

Hidrometeorologiya sahəsində texnoloji biliklərə malik olan gənc kadrlara ehtiyac var.

Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, hidrometeorologiya sahəsinin modernləşdirilməsi, ölkədə dövlət investisiyaları çərçivəsində ən müasir texnologiyalar tətbiq olunur: “İstər atmosferdə baş verən dəyişiklikləri izləyən ən müasir dopler radarlarından istifadə, istərsə də, yaxın gələcəkdə ölkədə erkən xəbərdarlıq sisteminin yaradılması yeni biliklərə malik olan gənc mütəxəssislərin bu sahəyə gəlməsinin vacibliyini artırır. Buna görə də kadr potensialının artırılmasına yönələn işlərin görülməsi prioritetimizdir. Burada həm Türkiyə Meteoroloji Nazirliyinin, həm də Avropa Birliyi və BMT-nin dəstəyi ilə müxtəlif layihələr çərçivəsində təlimlərin keçirilməsi mütəmadi şəkildə təşkil olunacaq. Rəqəmli modellərin tətbiqi bir tələb olaraq hidrometeoroloqlarla bərabər fizika ,riyaziyyat və IT sahəsində bilikləri olan mütəxəssislərin fəaliyyət göstərməsini şərtləndirir”.

“Ümid edirik ki, ümumiyyətlə hava proqnozunun hazırlanması prosesinin nə dərəcədə maraqlı olduğunu nəzərə alaraq gənclərin hidrometeorologiya sahəsinə yönəlməsini təmin edə biləcəyik”, - deyə U.Tağıyeva əlavə edib.