Azərbaycanda koronavirusa ən çox yoluxma halı 30-59 yaş arasında müşahidə olunur

İstər pandemiyanın başlanğıc mərhələsində, istərsə də bugünkü gündə yeni yoluxmaların və ümumi yoluxmaların yaş qrupunda bölgüsü demək olar ki, dəyişməyib və eyni faizlərlə davam edir. Ən çox yoluxma hallarını sosial aktiv yaş qruplarında - yaşı 30-59 arası olan vətəndaşlarda görürük. Ölkəmizdə qadınlar arasında daha çox yoluxma müşahidə olunur.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

TƏBİB-in departament müdirinin sözlərinə görə, yoluxma hallarının ölkə üzrə bölgüsünə əsasən, yeni yoluxma hallarının 54 faizi Bakıda qeydə alınır: Növbəti yerdə isə Abşeron rayonu dayanır. Digər bölgələrimizdə xüsusi diqqət cəlb edən dəyişiklik yoxdur. Vəziyyət stabil olaraq qiymətləndirilə bilər.

Paytaxtın rayonlarına gəlincə, yoluxmaların yüksəkliyi Binəqədi və Xətai rayonlarında qeydə alınır.

Hazırda ölkəmizdə epidemioloji vəziyyət stabildir. Biz buna düzgün aparılan karantin siyasəti və vətəndaşların doğru yanaşması, fiziki məsafənin saxlanılması, maskadan daha çox və düzgün istifadə etmələri nəticəsində nail olmuşuq. Çalışmalıyıq ki, bu nailiyyətlər itməsin".