Prezident Ərdoğan: Qarabağda yaşanan çətin dövrdə kimlərin qazandığı, kimlərin itirdiyi çox yaxşı bilinir

 

Geridə qoyduğumuz otuz ildə Qarabağda yaşanan çətin dövrdə kimlərin əlinə nə keçdiyi, kimlərin qazanclı çıxdığı, kimlərin də itirdiyi çox yaxşı bilinir. Canı yananlar, qanı tökülənlər, acı çəkənlər, maddi və mənəvi olaraq itirənlər ancaq Qarabağda yaşayan insanlardır.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 16-da Milli Məclisdə çıxışında bildirib.

Otuz ilin kifayət qədər uzun müddət olduğunu vurğulayan qardaş ölkənin dövlət başçısı deyib: “Otuz il asan deyil. Mənim azərbaycanlı qardaşlarım öz məskənlərindən təəssüf ki, otuz il ərzində qaçqın düşüblər. O torpaqlar işğal altında idi. İşğal altındakı həmin torpaqlar otuz il sonra çox şükür ki, əsl sahiblərinə qovuşdu. Qarabağda otuz ildir davam edən münaqişənin həll olunmamasını seyr edənlər, daha doğrusu, işğalın davam etməsi üçün səy göstərənlər isə daim qazananın tərəfində olublar”.