Magistraturaya qəbul imtahanının II mərhələsinin nəticələri elan olunub

Dövlət İmtahan Mərkəzinin 2019/2020-ci tədris ili üçün Azərbaycan ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına keçirdiyi qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlanıb.

Mərkəzdən verilən məlumata görə, imtahanda iştirak edən bakalavrlar DİM-in internet saytında https://www.e-gov.az/az/services/read/2641/0?tqdk_... keçidinə daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

İmtahanda 8559 bakalavr iştirak edib. 54 bakalavr isə imtahana gəlməyib. İki mərhələdə keçirilən imtahanın nəticələrinə əsasən, 1 nəfər ən yüksək nəticə 147 bal toplayıb. Xatırladaq ki, toplanıla biləcək maksimal bal 150-dir.

Müsabiqə şərtlərini ödəyən bakalavrlar iyunun 7-dən 18-dək internet vasitəsilə ixtisaslaşma seçimini yerinə yetirməlidirlər. Müsabiqəyə yalnız ixtisaslaşma seçimini təsdiqləyən bakalavrlar buraxılacaqlar.

 
Müsabiqə şərtləri ilə Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsindən tanış ola bilərsiniz.