Maliyyə Nazirliyində Fransanın İqtisadiyyat və Maliyyə naziri ilə görüş keçirilib

İyulun 29-da Azərbaycanın Maliyyə naziri Samir Şərifov ölkəmizdə səfərdə olan Fransanın İqtisadiyyat və Maliyyə naziri Brüno Lö Merin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan S.Şərifov fransalı nazirin Prezident İlham Əliyev tərəfindən də qəbul edildiyini və səfərin çox məhsuldar olduğunu, ikitərəfli münasibətlərin daha da inkişafına mühüm töhfə verəcəyini vurğulayıb.

Nazir ölkəmizin Fransa ilə münasibətlərə hər zaman böyük önəm verdiyini, Prezident İlham Əliyevin ötən ilin iyulunda və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın isə bu ilin martında Fransaya rəsmi səfərlərinin nəticəsi olaraq iki ölkə arasında əlaqələrin inkişafına əlavə təkan verildiyini və bu səfərlərdən sonra iqtisadi əməkdaşlıq sahəsinə böyük işlər görüldüyünü, bir sıra layihələr üzrə sazişlərin imzalandığını, həmçinin yeni müqavilələr üzrə işlərin artıq yekunlaşdığını bildirib.

Bu ayın əvvəlində Fransa Sahibkarlar Təşkilatı – MEDEF Biznes Şurasının prezidenti Jofrua Ru de Beziönun rəhbərlik etdiyi və müxtəlif sahələrdə fəaliyyət göstərən 60-dan çox fransız şirkətinin təmsilçilərinin ölkəmizdə səfərdə olduğunu xatırladan S.Şərifov səfər zamanı Fransanın biznes dairələrinin nümayəndələrinin ölkə rəhbərliyi tərəfindən qəbul edildiyini, hökumətin iqtisadi blokuna daxil olan qurumlarda, nazirliklərdə, eləcə də özəl sektor nümayəndələri ilə səmərəli müzakirələr apardıqlarını qeyd edib.

Nazir, həmçinin bildirib ki, mütəmadi olaraq iclasları keçirilən Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyası da ölkələr arasında iqtisadi, maliyyə, humanitar və digər sahələrdə əməkdaşlığın daha da inkişafına dəstək verir və təsadüfi deyil ki, Azərbaycan Fransanın Cənubi Qafqaz regionu üzrə əsas ticarət tərəfdaşıdır: “Bu gün Azərbaycan-Fransa iqtisadi əməkdaşlığının əsas istiqamətlərindən birini ticarət əlaqələri təşkil edir. Biz fransız şirkətləri ilə əməkdaşlığın daha da inkişaf etdirilməsində və çoxşaxəli olmasında maraqlıyıq. Hesab edirik ki, bu əməkdaşlığımız Fransa şirkətləri tərəfindən yalnız müxtəlif təyinatlı məhsul və xidmətlərin tədarük edilməsi ilə məhdudlaşmamalıdır. Birbaşa investisiya qoyulmaqla Azərbaycanda fransız lisenziyası, təcrübəsi və elmi-fikri əsasında istehsal sahələri yaradıla bilər. Fransız şirkətləri Azərbaycanın təşviq imkanlarından istifadə etməklə Fransa istehsalını Azərbaycana köçürə, istehsal edilən əmtəə və xidmətlərin region ölkələrinə sərfəli satışını buradan həyata keçirə bilərlər. Bununla da biz Fransa şirkətlərinə əlavə rəqabət imkanı yarada bilərik”.

Öz növbəsində Fransanın İqtisadiyyat və Maliyyə naziri Brüno Lö Mer Azərbaycana ilk dəfə səfər etdiyini, Bakının inkişafının və gözəlliyinin onda yüksək təəsürat yaratdığını bildirib.

Fransalı nazir iki ölkə arasında müxtəlif sahələrdə əlaqələri inkişaf etdirmək üçün böyük potensialın olduğunu, ölkəsinin ikitərəfli əlaqələrin inkişafına önəm verdiyini qeyd edib. Nazir Azərbaycanda aparılan iqtisadi islahatların xarici şirkətlər, o cümlədən Fransa şirkətləri üçün əlverişli imkanlar yaratdığını ifadə edib: “Fransa Azərbaycanla əməkdaşlığının yeni mərhələsinə yüksəlməsində maraqlıdır. O cümlədən Fransa Azərbaycanda neft-qaz layihələri çərçivəsində əməkdaşlığın genişləndirilməsini istəyir. Bundan əlavə, Fransa şirkətləri Azərbaycanda alternativ və bərpaolunan enerji mənbələrinin inkişafı, nəqliyyat sektoru, maliyyə, ekologiya və sair sahələrdə əməkdaşlıq etməyə maraqlıdır. Azərbaycanda köhnə, istifadəyə yararsız neft və qaz yataqlarının ekoloji cəhətdən yararlı şəkildə reabilitasiyası ilə bağlı Fransa tərəfindən layihə hazırlanıb və bu layihə reallaşa bilər”.

Görüşün yekununda Fransanın “Alstom” şirkəti ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında lokomotivlər parkı üzrə texniki dəstəyin göstərilməsinə dair müqavilə imzalanıb. Müqaviləni “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və “Alstom” şirkətinin Azərbaycan, Gürcüstan, Özbəkistan və Türkmənistan üzrə icraedici direktoru Elşən Zeynalov imzalayıb.

Sonra Maliyyə naziri S.Şərifov və fransalı nazir mətbuata birgə bəyanatla çıxış edib, jurnalistləri maraqlandıran sualları cavablandırıblar.