Qəzaya uğramış hərbi təyyarənin axtarışına Türkiyəli mütəxəssislər cəlb edilib

Azərbaycanda qəzaya uğramış hərbi təyyarənin axtarışına Türkiyəli mütəxəssislər cəlb edilib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Məlumata görə, bu gün Bakıya gələn Türkiyə Respublikasının aidiyyəti qurumlarının xüsusi avadanlıqlar və qurğularla təchiz edilmiş mütəxəssisləri təlim-məşq uçuşları zamanı qəzaya uğramış hərbi təyyarənin axtarışı üzrə keçirilən əməliyyatlara cəlb olunub.

Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.