ABŞ və Səudiyyə Ərəbistanı neft obyektlərinə hücumda İranı ittiham edir, sübut isə yoxdur

İran ətrafında cərəyan edən proseslər artıq təhlükəli məqama yetişməkdədir. Hər tərəfdən iqtisadi sanksiya və blokadaya məruz qalan İran Səudiyyə Ərəbistanının "Aramco” şirkətinin neftayırma zavodunun partladılmasında əlinin olmadığını bəyan etsə də, rəsmi Ər-Riyad Tehrana qarşı ittihamlarını davam etdirir.


Dünən axşam geniş mətbuat konfransı keçirən Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, polkovnik Türki əl-Malki raket və pilotsuz uçan aparatların (PUA) qalıqlarını göstərərək onların İranda istehsal edilən silah-sursat olduğunu bildirib. Polkovnik deyib ki, zavod 18 PUA və 7 raket ilə vurularaq partladılıb. Onun sözlərinə görə, raket və PUA-lar İran tərəfindən atılıb.


İran prezidentinin beynəlxalq məsələlər üzrə müşaviri Hüsaməddin Aşena isə bəyan edib ki, polkovnikin dedikləri ehtimaldan başqa bir şey deyil. Buna bənzər bəyanatı xarici işlər naziri Məhəmməd Cavad Zərif də səsləndirib. O qeyd edib ki, Səudiyyə Ərəbistanının müdafiə nazirliyinin nümayiş etdirdiyi raket parçaları istənilən dövlətə məxsus ola bilər. Onun fikrincə, bu mətbuat konfransı əslində zavodun partladılmasında İranın əlinin olduğunu sübut etməli idi. Lakin ortaya heç bir sübut qoyulmadı.


Məsələnin mahiyyəti ondan ibarətdir ki, hücumdan dərhal sonra Yəmən husilərinin məsuliyyəti öz üzərlərinə götürməsinə baxmayaraq, ABŞ və Səudiyyə Ərəbistanı heç bir araşdırma aparmadan birbaşa İranı ittiham etməyə başladılar. Bunun ardınca Ağ evin başçısı Donald Tramp İrana qarşı sanksiyaların daha da sərtləşdirilməsi haqqında sərəncam imzaladı. Daha sonra dövlət katibi Maykl Pompeo məsləhətləşmələr üçün Ər-Riyada yollandı, prezident Donald Tramp isə Böyük Britaniyanın Baş naziri Boris Consla telefonda İran problemini müzakirə etdi. Bütün bunlar dünən axşam baş verib. Hadisələrin sürətli inkişafı problemin daha gərgin mərhələyə qədəm qoyduğundan xəbər verir.


İran və Qərb mətbuatında dərc olunan materialların, eləcə də siyasi müşahidəçilərin fikirlərinin təhlili onu deməyə əsas verir ki, müttəfiqlər İrana qarşı hərbi əməliyyat başlamaq niyyətindədir. Qeyd olunur ki, İrana qarşı tətbiq edilən ağır iqtisadi sanksiyalar heç bir nəticə vermir. Əksinə, İran nüvə proqramını tədricən bərpa edib uranı zənginləşdirmək işinə başlayıb. Hələlik mümkün hərbi əməliyyat ehtimal kimi irəli sürülür.


Bu gün ABŞ dövlət katibinin Səudiyyə Ərəbistanı taxt-tacının vəliəhdi Məhəmməd əl-Səud ilə görüşü gözlənilir. Görüşdə gələcək strateji addımlar müzakirə olunacaq. Hadisələrin hansı istiqamətdə inkişaf edəcəyi bu görüşün nəticəsindən asılı ola bilər.