Geoloqun bir günü

Azərbaycanın yeraltı sərvətlərinin aşkarlanmasına təmənnasız xidmət edərək dünyasını dəyişmiş geoloqlarımızın parlaq xatirəsinə

Uzun illər öncə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) 2-ci kursunu bitirib Böyük Qarqaz dağlarında təcrübədə olarkan SSRİ Geologiya Nazirliyi Mərkəzi Elmi Tədqiqat Geoloji Kəşfiyyat İnstitutunun elmi işçisi gənc geoloq Hüseyn Vəliyevlə mənim bir gün ərzində başımıza gələn sərgüzəştlər barədə bir necə il əvvəl xatirə-qeydlərimi yazmış və“Kredo” qəzetində çap etdirmişdim. Sonra yazını onun qəhrəmanı Azərbaycanımızın fədakar geoloq-alimlərindən biri, məşhur mineroloq, geologiya-mineralogiya elmləri üzrə fəsəfə doktoru Hüseyn Vəliyevə oxumuşdum. O, xatirəni çox bəyəndiyini bildirmiş və qeyd etmişdi ki, bu yazını çoxdan gözəyirdi. Son zamanlar Hüseyn müəllimin səhhətində problemlər var idi və görüşəndə başımıza gələn o zamankı sərgüzəştləri də xatırlayardıq. Bir dəfə o dedi: bəlkə bu barədə “Yer və İnsan”da da yazı verəsən, geoloq dostlarımız oxusun. Bildirdim ki, bu mümkün olan işdir. Sonra mən yazını yenidən işləyərək çapa hazırlayan zaman - 2018-ci ilin sonunda son dərəcə təmiz, gözütox və səmimi xüsusiyyətləri olan bu gözəl insan dünyasını dəyişdi...

Hörmətli Hüseyn müəllim, əziz dostum!

Mərkəzi Asiya türkü, böyük Qırğız yazıçısı Çingiz Aytmatovun məşhur əsərlərindən biri “Gün var əsrə bərabər” adlanır. Gözəl müqayisədir. İnsan həyatında bəzən bir gün, tək bircə gün ərzində elə hadisələr baş verir ki, üstündən nə qədər illər ötsə belə yaranmış xatirələr zamanın “şəffaf dumanı”na bürünərək öz parlaqlığında, öz unudulmazlığında qalmaqla həyatı boyu onu müşayiət edir.
Səninlə çox vaxt görüşərkən xatırladığımız, yarım əsr bundan əvvəl, “inkişaf etmiş sosializm cəmiyyətində” yaşadığımız zaman, daha doğrusu 1968-ci ilin iyun ayının sonlarında adi bir gündə başımıza gələnlər də elə xatirələrdəndir...
...Ötən əsrin 60-cı illərinin sonlarında Respublikamızın geoloji ictimaiyyətinin həyatında necə böyük canlanma olduğunu yəqin ki, unutmamısan. Təbii ki, bu canlanmanın, bu qələbəliyin əsas səbəbi Böyük Qafqaz dağlarının cənub yamaclarında bir qədər öncə-1958-ci ildə, Azərbaycan geoloqları tərəfindən əvvəllər perspektivsiz sayılan Yura yaşlı süxurlarda, gil şistləri arasında nəhəng ehtiyatlara malik Filizçay polimetal filizləri (sink, qurğuşun və mis) yatağının kəşfi, az sonra isə çox da uzaq olmayan ərazilərdə oxşar tipli Kasdağ və Katex yataqlarının, həmçinin bir sıra perspektiv sahələrin və filiz təzahürlərinin kəşfi idi. O zaman Filizçay yatağının kəşfi nəinki Azərbaycanda, eləcə də keçmiş SSRİ-də böyük rezonansa səbəb olmuşdu. Hətta, 1966-cı ildə keçmiş Sovet İttifaqı Kommunist Partiyasının XXIII Qurultayının direktivlərində adı çəkilən yataqların bazasında nəhəng Filizsaflaşdırma Kombinatının inşa olunması da nəzərdə tutulmuşdu. Həqiqətən də bu tapıntı keçmiş Sovet Azərbaycanının mövcud olduğu dövr ərzində ən böyük kəşflərdən biri idi. Yəqin ki, bunu ucsuz-bucaqsız Rusiyanın Qərbi Sibirində görkəmli azərbaycanlı geoloq-alim Fərman Salmanovun nəhəng neft yataqlarını kəşf etməsi ilə müqayisə etmək olardı...
O zaman Böyük Qafqazın Cənub yamaclarında Azərbaycanı Gürcüstanla ayıran Mazımçaydan tutmuş şərqə doğru, az qala Şəkiyə qədər hər yerdə geoloji-axtarış və kəşfiyyat işləri görülür, adı çəkilən yataqlarda isə il boyu kəşfiyyat işləri aparılırdı... Elə həmin vaxt bu region sanki geoloqların müqəddəs ibadətgahına-Kəbəyə çevrilmişdi. Və bu ərazilərə yaz başlayandan ta payızadək Bakının, eləcə də keçmiş paytaxtımız Moskva və digər şəhərlərin elmi-tədqiqat və təhsil ocaqlarından alimlər və tələbələr axışıb gələrdilər.
O da bəlli idi ki, Böyük Qafqazın suayrıcı hissəsinin yaxınlığında yerləşən Cixix adlı sahədən 1902-ci ildən ta 1914-cü ilədək, yəni Birinci Dünya Müharibəsi başlananadək Almaniyanın “Voqau” firması sadə üsulla mis filizləri çıxarmışdı.
Söhbət açdığım vaxt isə Azərbaycan geoloqları bir qədər cənubda, iqtisadi cəhətdən daha əlverişli şəraitdə yerləşən yataqları öyrənirdilər.
Filizçay və digər yataqlarda olan zəngin yeraltı sərvətlər - sənaye əhəmiyyəti kəsb edən 10-dan artıq əlvan, nadir və nəcib metalların mövcudluğu barədə tez-tez qəzet səhifələrindən materiallar oxuyurduq. Yazıçılarımızın geoloqların şücaətindən bəhs edən sənədli əsərləri çap olunur, Azərbaycan Televiziyasında tez-tez verilişlər gedirdi...
Cənub yamaclarına gələn elmi müəssisələr içərisində Moskvadakı Mərkəzi Elmi Tədqiqat Geoloji Kəşfiyyat İnstitutu xüsusilə fərqlənirdi. O zaman sən, adı çəkilən İnstitutun Azərbaycan filialında elmi işçi işləyirdin, gənc idin, həm də Azərbaycanın görkəmli geoloq-alimi Xudu Məmmədovun elmi rəhbərliyi altında mineraloji tədqiqatlar aparırdın.
...1968-ci il iyun ayının əvvəllərində biz - Bakı Dövlət Universitetinin 4 nəfər tələbəsi Sizin Balakən rayonunun Mahamalar kəndində yerləşən bazanıza gəldik. Saşa ilə Viktor 3-cü kursu bitirib istehsalat təcrübəsinə, Valehlə mən isə 2-ci kursdan sonra ilkin təcrübəyə gəlmişdik...
...Bizim kiçik elmi-tədqiqat ekspediyamız Mahamalardakı bazadan Dağıstanla sərhəddə yerləşən iş obyektlərinə; Çuqak və Tenros sahələrinə qalxmalı, orada işləri başa çatdırdıqdan sonra isə Cixixə getməli, əvvəllər Balakən mis yatağı adı ilə tanınan ərazilərdə geoloji tədqiqatlar aparmalı idi. Tərkibində biz tələbələrin də iştirak etdiyi elmi ekspedisiya artıq dağlara, iş yerinə getməyə hazır vəziyyətdə olmasına baxmayaraq neçə gün idi ki, yola düşə bilmirdik. Nəsə vəd olunan helikopter gəlib çıxmırdı ki, çıxmırdı.
O zamanlar dağlarda yerləşən geoloji obyektlərə gediş-gəliş çox çətin idi. Maşınla yalnız Filizçaya, özü də çay yolu ilə gedilirdi (əlbəttə ki, vaxtaşırı baş verən sellər yolu dağıdanadək!). Qalan obyektlərə isə Sibir, Tayqa və digər sahələrində daha çox istifadə edilən tırtıllı maşınlar-tyaqaçlarla gedilib-gəlinirdi.
Nəhayət ki, 10 nəfərlik heyətimiz Mahamalardakı bazadan Balakən Ekspedisiyasının Kasdağ geoloji-kəşfiyyat partiyasına gedən tyaqaçla yola düşdü və qəsəbəyə axşam çatdığımız üçün orada gecələməli olduq. Sübh tezdən səhər yeməyini yeyəndən sonra yüklərin bir hissəsini atlarla, bir hissəsini isə çiyinlərimizdə daşıyaraq nəhayət ki, Çuqak sahəsinə çatdıq. Rəisimiz mərhum Həmid Əliyev çadırları tezliklə qurmagı əmr etdi. Özü də hamı ilə birgə fədakarlıqla çalışırdı. Düşərgəmiz Çuqak dağının yanında, Batoor çayının sol sahilində idi...
...İlahi, necə də füsunkar mənzərəsi vardı o yerlərin... Əsrarəngiz alp çəmənliyi, min bir rəngə çalmaqla adami heyran edən dağ çiçəkləri, insanın hələ toxunmağa macal tapmadığı əsrarəngiz təbiət, aramla qanad çala-çala bitkidən-bitkiyə qonan al-əlvan kəpənəklər, əzəmətli Çuqak dağı... Adamı dəlicəsinə heyran edən bu ülvi gözəlliyi müqayisə üçün insan söz tapa bilmirdi. Dünya muzeylərini bəzəyən ən məşhur təbiət mənzərələri əks olunmuş tablolar bu mənzərələrin yanında sönük bir şeydi, çünki insan oğlunun o gözəlliyi yaratmağa qüdrəti çatmazdı.
Təxminən 2 həftə sonra Çuqakda aparılan işlər yekunlaşdırıldı. Balakəndən gətirilmiş atların köməyi ilə düşərgəni Cixix sahəsinə köçürməyə başladıq. Gedəcəyimiz düşərgəyə qısa yolla çatmaq mümkün deyildi, çünki qarşıda “Böyük uçurum” adlanan keçilməz və xeyli uzanan bir sahə var idi. Dağıstanla lap sərhəddə olan “Böyük Aşırım” isə qalın qar örtüyü ilə bağlanmışdı. Son günlərdə mülayim keçən havanın xeyli yumşaltdığı qarın üstü ilə atlar gedə bilmir, qarına qədər qara batırdılar. Təbii ki, gözlənilməyən bu hal bizi xeyli məyus etmişdi, çünki, atların yaxın zamanda bizim karımıza gələcəyinə şans yox idi. Ona görə ki, bizim bir tərəfimizdə xeyli məsafədə uzanan uçurum, digər tərəfimizdə isə elə hey uzanan keçilməz dağ silsiləsi idi. Yeganə yol bələdçinin atlarla Balakənə qayıtması və sonra da Balakənçay vadisi ilə gələrək bizi qarşılaması idi. Bunun üçünsə azı 2-3 gün vaxt tələb olunurdu... Deməli, çox mürəkkəb dağ şəraitində bütün yükləri; avadanlıqları, süxur və mine­ral nümunələrini xeyli məsafəyə, dayanmadan öz çiyinlərimizdə daşımalı olacaqdıq. Və belə də oldu. Hava qaralanda nəhayət ki, yükləri dağ yamacındakı bir açıqlığa toplayaraq çadır qurduq. Yorulub əldən düşmüşdük, ac idik. Hər şeydən çox isə çay içmək istəyirdik. Yaxınlıqda axar su olmadığı üçün qarı çaydana yığıb əritmək istədik. Kimsə dedi ki, bax, qarda qurd var. Həqiqətən qarın işərisində ağ-ağ qurdlar var idi. Axar su mənbəyi axtarmalı olduq. Sonralar bildim ki, ötən ildən qalan qara qurd düşə bilirmiş. Daşıma zamanı ekspedisiyamıza “üz verən itki” 1 ədəd təptəzə yataq kisəsi və bir də kartofla dolu bel kisəsindən ibarət olmuşdu. Mənzilə çataçatda yorulduğumdanmı, yaxud tələsdiyimdənmi çanta əlimdən çıxaraq uçuruma tərəf yuvarlandı, yataq kisəsi isə gənc mütəxəssis Ağamehdi Salmanovun əlindən getmişdi. Tələm-tələsik yemək hazırlayıb yedik və çay içdik. Yorğunluğu unutmaq üçün istəyənə 100 qram araq da təklif olunmuşdu. Kefimiz kök idi. Qürurlu idik. Çətinliklə də olsa ağır, çox ağır bir işin öhdəsindən gəlmişdik...
İki gün sonra nəhayət ki, bələdçimiz Nəcməddin kişinin Mahamalardan gətirdiyi atların köməyi ilə mənzil başına-yeni düşərgəmizə çataraq çadırlarımızı qurmuşduq. Cixix adlanan bu yerin də özünəməxsus gözəlliyi vardı. Bu dəfə biz nisbi yüksəklik baxımından xeyli aşağıya enmiş, alp çəmənliyinin meşə ilə qovuşduğu, nisbətən azmeyilli sahədə düşərgə salmışdıq. Bizdən xeyli aralıda, qarşı tərəfdə Kasmaldağın yamacında cox vaxt dağkeçisi sürüsü nəzərə çarpırdı. Lap yaxınlığımızda isə xeyli illər əvvəl-I Dünya müharibəsinədək almanlar tərəfindən qazılmış mağaralar vardı. Tez-tez rast gələn daşlarda, yaxud geoloqların təbirincə desək süxurlarda parıltılı sarı, yaxud göyümtül mis filizləşməsi müşahidə olunurdu. Rəisimiz Həmid müəllim həm özünə, həm də işçilərə qarşı tələbkar idi. Marşrutdan axşam qayıdırdıq. Beləcə biz tələbələr geoloq həyatının romantikasına tədricən alışırdıq...
Yeni iş sahəsində on günə yaxın idi ki, məskunlaşmışdıq. Ərzaq sursatımız xeyli azalmışdı. İki gün idi ki, çörəksiz idik. Digər un məhsulları da qutarmaq üzrə idi. Bələdçimiz Nəcməddin kişi Balakəndən ərzaqla gəlib çıxmırdı ki, çıxmırdı. O zaman bizim ətraf aləmlə heç bir əlaqə vasitəmiz yox idi. Nəinki radiostansiya, heç portativ radioqəbuledicimiz da yox idi. O zaman ətraf aləmdən xəbəri yalnız 15-20 günə aldığımız məktubdan, yaxud hərdən bir ərzaq gətirən və Azərbaycan türkcəsində çətinliklə danışan bələdçimizdən öyrənərdik. Nə etməli? Oturub gözləməli? Nə vaxtadək? Bəlkə harasa ərzaq dalınca getməli? Bizə nisbətən yaxın yaşayış məntəqəsi bir müddət öncə gecələdiyimiz Kasdağ geoloji-kəşfiyyat partiyasının bazası idi ki, ora da azı 15 kilometrlikdə idi. Daha iri olan Filizçay qəsəbəsi xeyli uzaqda yerləşirdi. Dağıstandakı ən yaxın yaşayış məntəqəsi barədə məlumatımız yox idi...
Səhər mannı sıyığımızı yeyəndən sonra 2 nəfərin Kasdağa ərzaq dalınca getməsi təklif olundu. Biri sən oldun, ikinci adam isə tələbələrdən biri olmalı idi. Diqqətini mənim üzərimdə çox saxladığın üçünmü, yaxud marşrutlara çox vaxt bir yerdə getdiyimizdənmi ikincinin mən olmaq istədiyimi bildirdim. Beləcə hərəmizə bir bel kisəsi (rüqzak) götürərək yola düşdük. Bir müddət əvvəl bizə xeyli əzab verən “Böyük Aşırım”a qalxan zaman orada qarın əridiyini, ətrafda isə bir yığın iri dolu dənələrinin olduğunu gördük. Sevindik ki, nə yaxşı bizi dolu tutmayıb. Nəfəsimizi dərib yolumuza davam etdik. Hava buludlu, həm də dumanlı idi. Nəhayət ki, Kasdağa çatdıq. Bizi geoloqlar yaxın adamları kimi qəbul etdilər. Mağazadan ərzaq alacağımızı bildirdik. Satıcı tapılmadı. Dedilər ki, sahəyə gedib. Sənin tələbə yoldaşın Mayis də orada idi... Nəhayət ki, satıcı gəldi. Biz nəzərdə tutulan ən zəruri ərzaq növlərindən alaraq çantalarımıza doldurduq. Axşamüstü idi. Artıq neçə gün ərzində ərzaqdan korluq çəkən yoldaşlarımızın yanına elə indicə qayıtmaq istədiyimizi eşidən geoloqlar bizim bu fikrimi qəti etiraz etdilər. “Axşamın bu vaxtında bəyəm yola çıxarlar, özü də dağda. Yoxsa qurd-quşa yem olmaq istəyirsiniz.“ Nə isə həmin axşam Kasdağ geoloqlarının qonağı olduq. Son günlər üzləşdiyimiz ərzaq qıtlığından sonra daddığımız isti yeməklər (təklif olunsa da içkidən imtina etmişdik) və rahat yorğan-döşək bizə ləzzət vermişdi. Bərk yuxuladıq. Səhər ayılarkən aramsız yağış yağdığını gördük. Özü də kəsənə oxşamırdı.Necə olur-olsun bizim yola düşəcəyimizi yəqin edən geoloq dostlarımız həm canımızı, həm də aparacağımız ərzağı islanmaqdan qorumaq məqsədi ilə hərəmizə bir ədəd iri ölçülü brezent plaş gətirdilər. Biz ərzağı islanmaqdan qorumaq üçün bel kisəsini çiyinlərimizə keçirəndən sonra plaşı geyərək səhər saat 7-də yola düşdük. Dağıstan sərhəddindəki “Böyük Aşırıma”a qədər yolumuz yoxuş idi. Getdikcə yağış güclənirdi. Hava da dumanlı idi. Az sonra plaşlarımız islanaraq suyu bədənimizə buraxdı. Geoloqların qəsəbəsindən qalxarkən rast gəldiyimiz ilk yüksəklik nöqtəsinin yanına çatan zaman artıq bədənimdən süzülən yağış suları ayağımdakı uzunboğaz çəkmələrə o qədər yığılmışdı ki, hərəkət edə bilmirdim. Çəkmələri çıxararaq boşaltmağa məcbur oldum. Hava soyuq idi, üşüyürdük. Fəqət, dayanmadan aramla gedirdik.
Arabir duman seyrəlir, görüş məsafəsi bir qədər artırdı. Budur qismən düzənliyə çıxırıq, yağış isə dayanmaq bilmir. Biz yenə yolumuza davam edirik, necə olsa da bu gün ərzaqdan korluq çəkən yoldaşlarımıza çörək çatdırmalıyıq. Yolumuzun təxminən yarısında yerləşən, cəmi 10-12 gün əvvəl məskunu olduğumuz keçmiş düşərgəmiz sağımızda qalırdı... Biz səninlə düşərgəmizin indi burada olmamasına heyifsilənirik. Ətraf ərazilərdən süzülərək sağımızdan axan Batoor çayına tökülən sular onu coşdurmuşdu. Səhərdən yağan yağış bir an belə aram vermirdi. Çoxdan bədənimizdə zərrə də olsa quru yer qalmamışdı. Hava çox soyuq idi. Amma biz səninlə yenə də yoldaşlarımızı düşünürdük...Nə qalıb ki, bir azdan Batoorun mənbəyinə az qalmış sola dönür, sərt yüksəkliyi qalxır və aşırımı aşaraq düşərgəmizə, yoldaşlarımızın yanına çatırıq. Bu təsəlliylə, bu fikirlə yolumuza davam edirdik. Yağış arabir qismən zəifləsə də əsla kəsmək bilmirdi. Vaxtı soruşuram. Baxıb deyirsən ki, saata su dolub, işləmir.
Budur, səhərdən bəri gəldiyimiz cığır Batoora düşür və biz çayın sol sahilinə dönürük. Elə buradaca aşırımın başlanğıcında cığır itir. Biz isə dayanmadan yolumuza davam edirdik... Sanırdıq ki, biz Böyük Aşırımın ətəyindəyik və tezliklə onun zirvəsinə qalxacaq, sonra isə enişlə maneəsiz olaraq artıq bizim üçün doğmalaşmış düşərgəmizə (az qala evimizə deyəcəkdim) çatacağıq. Bir anlığa könlümdən qaynar çay içib çarpayıda uzanmaq arzusu keçdi... Biz yenə də dayanmadan yolumuza davam edirdik...
...İlahi, bu nədir hər tərəf qar-qarışıq buzluqdur. Axı, heç dünən aşırımda qar yox, orda-burda gözümüzə dolu dənələri dəyirdi. Getdikcə hiss olunurdu ki, buz layı artır, qalınlaşır. Səndə olan qol saatına su dolduğundan vaxtı da bilmirdik. Soyuq adamın iliklərinə işləyirdi. Bir tərəfdən də aclıq, yorğunluq. Yolu azmağımız barədə şübhələr getdikcə daha da artırdı. Lakin biz özümüzü o yerə qoymurduq. Başımızı aşağıya salıb sakitcə yolumuza davam edirdik. Qulağıma arabir səslər gəlməyə başlayır. Sanki, bizi səsləyirdilər. Elə bu zaman sən dilləndin. “Deyəsən axı, uşaqlar bizi axtarır. Eşidirsən?” Sevincək oldum; “demək bu həqiqətdir”. “Hüü-see-yn!”, “Maah-mud!” Bir anlığa qəlbim rahatlanır və daxilən, qürur duyuram. Yenə sağ olsun tələbə yoldaşlarım, Valeh, Saşa, Viktor bu dar məqamda bizi yada salıblar, demək bu lənətə gəlmiş buzun, qarın əsirliyindən qurtulacağıq... Var gücümlə səsə-səs verirəm. Arabir sən də səslənirsən... Bu nədir, səsimizə hay verən yoxdur!!! Elə bil ki, yuxudan ayılıram, məni dəhşət bürüyür. Axı, neçə gün ərzində ac qalmış adamlar o qədər yolu necə qət edib buraya gələrdi. Sonra da onlar haradan biləydilər ki, biz haradayıq. Dünyanın işinə bax, əksər insanların yayın istisində nəfəs ala bilmədiyi bir vaxtda səninlə mən qarın, buzun içərisində soyuqdan əzab çəkirdik. Bizi məhz burada axtarmaq çətin ki, kiminsə ağlına gələydi. “Biz azmışıq və güman ki, indi Dağıstandayıq, bəlkə də Gürcüstandayıq. Axı, biz üç respublikanın qovşağındayıq. “Canım nə fərqi var ki, haradayıq. Artıq faktdır ki, biz indi Azərbaycanda deyilik. Güman ki, Gürcüctana da keçməmişik, deyəsən axı, biz sərhəddi əvəz edən suayrıcının soluna keçməmişik.. Lakin indi elə bir yerdəyik ki, bura nadir hallarda insan ayağı dəyir”. Bu vəziyyətdən qurtulmaq çox çətin olacaq. Sənə baxıram, ürəyindən nə keçdiyini bilmirəm, ancaq çox sakit və mətin görünürsən. Bu mənə, 19 yaşı hələ tamam olmamış tələbə-gəncə çox yaxşı ibrətdir.
Hərəkət istiqamətində qar örtüyünün qalınlığı getdikcə artmaqdadır. Hava tutqundur, vaxtı bilmirik. Güman ki, birazdan axşam olacaq. Sağ qalmaq üçün nəsə etmək gərəkdir. Vəziyyətimizin ağırlığı göz qabağındadır. Özümü ələ alır və düşünürəm ki, mütləq nəsə etmək lazımdır, “sonrası da nə olar-olar. Hüseyn müəllimdən artıq deyiləm ki”. Elə bu an anamın siması gözlərim önümə gəlir. Birdən başıma bir iş gələrsə onun halı necə olar? Müharibə zamanı o, gənc ata-anasını itirib, qardaş-bacıları ilə yetim qalıb və indiyədək də onların xiffətini çəkir, bir an belə unutmur. Ərə gedəndən ilyarım sonra isə həyat yoldaşı-atamı repressiya edərək Sibirə göndərmişdilər. O zaman mən 6 aylıq körpə olmuşdum. Atamı Stalin öləndən bir müddət sonra, yəni 1955-ci ildə Sibirdə sürgündən azad etmişdilər. Bu müddətdə anamla mən Şamaxıda – dayımgildə yaşamışdıq. Mənə elə gəlirdi ki, anamla mənim münasibətim digər ana-balalardan daha ülvi idi. Anam sanki həm də mənim böyük bacım, mən isə ona kiçik qardaş idim. İnanmırdım ki, anam məndən sonra yaşaya...Bu məsələ də məni ciddi düşünməyə vadar etdi.
...Bir də axı, hər bir insan bu dünyaya yaşamaq üçün, iz qoymaq üçün gəlir. Əhatəmizdə olan maddi aləm, həyat gözəlliklərlə doludur. Sadəcə, bu adi həqiqəti anlamaq, dərk etmək gərəkdir. Dünyamız xeyirlə şər arasında gedən əbədi mübarizənin meydanıdır... Yəqin ki, indi aşağıda, bağlarda bol meyvə yetişib, zəmilərdən taxıl biçilir, üzüm salxımları qora olub sulanmaqdadır, bir azdan yetişəcək. Qızlar daha da gözəlləşiblər... Burada, buzların arasında sanki, dünyanın ən gözəl, ən ləziz nemətləri, sıxaraq ovcumuzda saxlamaq istədiyimiz Xəzər sahilindəki narın qum zərrəcikləri kimi barmaqlarımız arasından süzülərək yoxa çıxır... Biz isə elə hey gedirik, sanki bu yol əbədi olaraq bitib-tükənməyəcəkdir. “Hüseyn müəllim, biz azmışıq, bəlkə geri qayıdaq, birdən çobanlara zada rast gəldik.” Səndən səs çıxmır. Bir xeyli gedəndən sonra nəhayət ki, sakitcə dillənirsən “Deyirsən geri qayıdaq?” “Bəli.” cavab verirəm. Bir qədər gedəndən sonra geri dönürük. Amma, danışmağa belə taqətimiz qalmayıb. Tamam azmamaqdan ötəri, yəni Batoor çayının mənbəyinə gəlmək üçün bir qədər sağ tərəflə getməyə üstünlük veririk. Budur, çayın mənbəyindəyik. Demək biz Dağıstanda adını bilmədiyimiz bir dağa dırmanmışıqmış (Biz sonralar bildik ki, o Kekrosa imiş. 10 il sonra, mən Filizçayda işləyən zaman isti iyul ayında həmin yerləri bir daha ziyarət etməli oldum). Bir xeyli yol gedəndən sonra buzdan, qardan canımız qurtarır. Yağış kəsib. Amma, hələ də hava bərk soyuqdur. Sonrakı taleyimiz hələ qaranlıqdır. Nə qədər maraqlı olsa da sıldırımdan aşağı enəndən sonra nə edəcəyimizi, hara üz tutacağımızı heç müzakirə etmirik də. Amma, artıq bəllidir ki, indi Azərbaycandayıq. Adsız çay qolunun sağ tərəfi isə Gürcüstandır. Dağın yamacı ilə aşağı enirik. Budur, səhər gəldiyimiz cığıra çıxırıq... Duman bir qədər seyrəlir və ... birdən sanki möcüzə baş verir... Ulu Tanrı! Bu nədir? Bu necə möcüzədir? ...Bizdən xeyli aralıda belində yəhər və başı yüyənli bir at görünür. Görəsən bizi qara basmır ki? Bəlkə bu ilğımdır?.. Yox, şükür ki, biz səhrada deyilik və bu çoban atı olacaqdır. Ata yaxınlaşırıq. Elə yanındaca düzülmüş daş parçalarının böyründə yapıncıya bürünərək uzanmış iki adam gözümüzə dəyir. Onlar qarşılarında ayaq üstə çətinliklə dayanan, yarımcan vəziyyətdə olan bizi görən kimi cəld sıçrayıb ayağa qalxır və yapıncılarını bizə geydirirlər. Haraya getməyimizlə maraqlanırlar. Dişlərimiz taqqataq bir-birinə dəyir. Birtəhər deyirik ki, geoloqlarıq, Cixixə getməliydik, azmışıq. “Bu axşam bizimləsiniz. Sabah birgə Cixixə gedərik. Biz orada köç salmışıq, qoyun sürülərimiz var orada. " deyirlər. Elə bu vaxt duman dağılır, hava aydınlaşır və keçməli olduğumuz “Böyük Aşırım”ın möhtəşəm siluetini görürük. Bəlli olur ki, qatı duman və iliklərimizə hopmuş yağış bizi getməli olduğumuz yoldan sapdırmış və bu səbəbdən sola istiqamət götürərək Dağıstana üz tutmuşduq...
Çox ağır durumumuzda o insanlar bizi xilas etdilər...Tanımadığımız, heç zaman üzünü belə görmədiyimiz insanlar birdən-birə bizə doğmalaşdılar... ən əziz adamlara çevrildilər! Az bir vaxtda əynimizə keçirdiyimiz yapıncı isə dünyanın ən gözəl geyiminə döndü... Yanımızda yağış sularından yaranmış xırda su axınları elə oradaca toplaşaraq bir-birinə qovuşur, onlar da öz növbəsində digərlərinə qovuşur və nəhayət çay qolu yaradaraq bizdən çox da uzaqda olmayan Batoora tökülür. O da öz növbəsində Balakənçaya, sonra ardıcıl olaraq Alazana, Kürə və Xəzər dənızinə tökülür. Çeçələ barmağımızla axınını dəyişdirməyə qadir olduğumuz, həzin bir şırıltılı xırdaca su axını nəhayətdə necə bir qüvvəyə çevrilir! Təbiətin ən maraqlı hadisələrindən biri olan suların hərəkətini lap başlanğıcdan müşahidə etmək maraqlı deyilmi? O gün məni xeyli dəyişdirdi, birdən-birə qayğısız tələbədən dünyada baş verən işlər üçün sanki cavabdeh olan bir insana çevrildim. Həyat nəzərlərimdə daha da gözəlləşdi, ülviləşdi, şirinləşdi və birdən aləmi bütün əzəməti ilə dərk etmək, görmək, ehtiyaclının yanında olmaq yanğısı bürüdü məni... Və bu həyat dərsini mənə sən öz təmkininlə, gözütoxluğunla və insani saflığınla o Gün - uzaq 1968-ci ilin iyun ayında verdin... Balakənli çobanların bizi xilas etdikləri GÜN.

 

Ağamahmud Səmədov

 

 

 

"Yer və İnsan" jurnalı №02/10/2019