Azərbaycanın neft siyasəti: "Əsrin müqaviləsi" uğurlu yolun başlanğıcı kimi

1994-cü ildə imzalanan və dünyaya səs salan "Əsrin müqaviləsi"nin 25-ci ildönümündə Azərbaycan xalqını qürurlandıran məqamlar çoxdur. Bu müqavilənin verdiyi faydaları saymaqla bitmir. Prezident İlham Əliyev "Əsrin müqaviləsi"nin imzalanmasının 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə həmin məqama geniş şəkildə toxunub. Dövlət başçısı bu layihənin geosiyasi dividendlərini vurğulayaraq onun strateji əhəmiyyətini bir daha ifadə edib. Bununla yanaşı, ABŞ Dövlət katibi Maykl Pompeo, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Beynəlxalq Ticarət Departamentinin Beynəlxalq Ticarət üzrə Dövlət katibi və Ticari Məsələlər İdarə Heyətinin sədri Yelizaveta Truss və Birləşmiş Krallığın Xarici və Birlik məsələləri ofisinin Avropa və Amerika üzrə naziri Kristofer Pinçerin Azərbaycan Prezidentinə ünvanladıqları məktublarda vurğulanan kontekstdə çox əhəmiyyətli məqamlar yer alıb. Aydın görünür ki, bu böyük dövlətlər Azərbaycanla əməkdaşlıqda çox maraqlıdırlar və ölkə rəhbərliyinin yeritdiyi siyasətə yüksək qiymət verirlər. Bu bağlılıqda "Əsrin müqaviləsi"nin Azərbaycanın neft siyasətinin tərkib hissəsi kimi geosiyasi əhəmiyyətinin analizi üzərində geniş dayanmağa ehtiyac görürük.

25 il əvvəl: Ulu öndərin uzaqgörənliyi və siyasi qətiyyətinin bəhrəsi

Azərbaycanın beynəlxalq nüfuzu durmadan artır. Dünyanın ən inkişaf etmiş ölkələri onunla əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayırlar. Bu zaman Azərbaycanın 1994-cü ildə imzaladığı "Əsrin müqaviləsi" ilə bağlı da yüksək fikir və arzular səsləndirilir. Bu hadisənin 25-ci ildönümünün tamam olması ilə əlaqədar ABŞ və Böyük Britaniyadan Azərbaycan Prezidentinə ünvanlanan məktublarda həmin aspektdə maraqlı fikirlər ifadə olunub.

ABŞ-ın Dövlət katibi Maykl Pompeo Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubunda vurğulayıb: "...Son iyirmi beş il ərzində Birləşmiş Ştatlar öz enerji ehtiyatlarının işlənilməsində, Avropanın və dünyanın enerji təhlükəsizliyinə töhfə verilməsində və müstəqil dövlət kimi öz siyasi xəttinin formalaşdırılmasında Azərbaycanın göstərdiyi səylərdə onun qətiyyətli tərəfdaşı olub. 1994-cü ildə Qərb şirkətləri ilə bu müqaviləni imzalamaqla və Bakı-Tbilisi-Ceyhan boru kəmərini inşa etməklə Azərbaycan dünya bazarlarında əsas neft təchizatçısına çevrildi və ilk dəfə olaraq Xəzər dənizi ilə Aralıq dənizi arasında birbaşa enerji bağlantısı yaratdı".

Burada Azərbaycanın xarici siyasəti ilə bağlı iki vacib məqam ifadə edilib. Birincisi ondan ibarətdir ki, Vaşinqton 25 il ərzində Azərbaycanın öz siyasi kursunu müstəqil dövlət kimi inkişaf etdirdiyini etiraf edir. M.Pompeo göstərir ki, Azərbaycan məhz suveren dövlət kimi müstəqil xarici siyasət formalaşdıra bilib və bu keyfiyyətdə dünya siyasətinə və beynəlxalq əməkdaşlığa böyük töhfə verir.

İkincisi, həmin siyasətin konkret nəticələri sırasında Azərbaycanın dünyada əsas neft təchizatçılarından birinə çevrilməsi və "Xəzər dənizi ilə Aralıq dənizi arasında birbaşa enerji bağlantısı yaratması" xüsusi yer tutur. Bu, maraqlı tezisdir. Çünki göstərilir ki, Amerika Birləşmiş Ştatları "Əsrin müqaviləsi"nə geniş geosiyasi kontekstdə qiymət verir. Həmin kontekst özündə qlobal enerji təhlükəsizliyi ilə nəqliyyat dəhlizlərinin formalaşdırılmasını ehtiva edir. O cümlədən Xəzər dənizi ilə Aralıq dənizi arasında nəqliyyat bağlantısının qurulması mühüm faktordur.

Maraqlıdır ki, M.Pompeo məktubunda vurğulanan məqamları çox önəmli daha iki məsələ ilə əlaqələndirib. Bu bağlılıqda o yazır: "Azərbaycan yenə də təşəbbüskar rolunda çıxış edərək, bu dəfə Cənub Qaz Dəhlizi vasitəsilə təbii qaz ixrac etməklə Avropanın enerji təhlükəsizliyinə strateji əhəmiyyətli töhfə verir. Xəzər Neft və Qaz Sərgisinin 26-cı ildönümü münasibətilə Prezident Tramp öz məktubunda qeyd etdiyi kimi, biz Sizin səylərinizi tam dəstəkləyirik və hesab edirik ki, Azərbaycanın iqtisadi uğuru regionun sabitliyi və çiçəklənməsi üçün əhəmiyyətlidir". Belə çıxır ki, Vaşinqton Azərbaycanın qlobal enerji təhlükəsizliyinə verdiyi strateji əhəmiyyətli töhfəni tam etiraf edir. Yəni Azərbaycan rəhbərliyinin enerji siyasəti yalnız öz sərhədləri ilə məhdudlaşmır – onun təsiri qlobal miqyasda prinsipial problemlərin həllinə vacib töhfə verir. Bu, həm də Cənubi Qafqazın sabitliyi və çiçəklənməsi üçün əhəmiyyətlidir.

Əməkdaşlıq perspektivləri: Azərbaycan ən etibarlı tərəfdaşdır

Faktiki olaraq M.Pompeo bir cümlə ilə illərdir Ermənistanın Azərbaycana qarşı apardığı qərəzli, əsassız və bəsit təbliğatı darmadağın edib. ABŞ-ın Dövlət katibi göstərir ki, Azərbaycan regionda sabitliyin və inkişafım təmin edilməsində həlledici və strateji əhəmiyyətli rol oynayır. Deməli, Ermənistan hakimiyyət dairələri həqiqəti gizlətməyə çalışsalar da, dünya hər şeyi yaxşı bilir. Etiraf edək ki, bu, həm də Azərbaycan diplomatiyasının böyük uğurudur.

Vurğuladığımız kontekstdə M.Pompeonun ifadə etdiyi digər vacib məqam Azərbaycan rəhbərliyinin uğurlu enerji siyasətinin iki ölkə arasında digər sahələrdə də əməkdaşlığa yeni təkan verməsi ilə bağlıdır. Dövlət katibi yazır: "...uğurlu enerji əməkdaşlığımız həm iqtisadi işbirliyimizi, həm təhlükəsizlik sahəsində tərəfdaşlığımızı, eləcə də insan hüquqları, fundamental azadlıqlar və demokratik idarəçilik sahəsində davamlı fəaliyyətimizi əhatə edən strateji münasibətlərimizə müsbət töhfə verib".

Burada olduqca əhəmiyyətli bir tezis ondan ibarətdir ki, Vaşinqton Azərbaycanla strateji əməkdaşlığa tam inanır və bu əsasda iqtisadi sfera ilə yanaşı, təhlükəsizlik, insan hüquqları, fundamental azadlıqlar və demokratik idarəçilik sahələrində də əməkdaşlıqda maraqlıdır. Bu isə ABŞ-ın Azərbaycanda demokratik idarəetmə və vətəndaş cəmiyyətinin formalaşdırılması istiqamətlərində həyata keçirilən proqramların səmərəli olduğuna inamını ifadə edir. Müasir tarixi mərhələdə bu faktorların ciddi rol oynadığını dərk etmək zəruridir.

Bütün bunların məntiqi nəticəsi isə məktubun sonunda ifadə edilib. M.Pompeo vurğulayır: "Birləşmiş Ştatlar bütün bu sahələrdə birgə işimizin davam etməsini və dərinləşməsini səmimiyyətlə arzulayır". Bu məqam Böyük Britaniyadan Azərbaycan Prezidentinə ünvanlanan məktubda da aydın yer alıb. Həmin məktubda Yelizaveta Truss və Kristofer Pinçer vurğulayırlar: "Biz daim güclənən davamlı əməkdaşlığımızı səmimiyyətlə arzulayırıq və bu cür tarixi məqamı mümkün etdiyinizə görə Sizi, Azərbaycan hökumətini, Azərbaycan xalqını, SOCAR-ı, BP-ni və Birləşmiş Krallığın işgüzar dairələrini bir daha təbrik edirik".

Deməli, Amerika ilə yanaşı, Böyük Britaniya da Azərbaycanla enerji əməkdaşlığına geniş geosiyasi aspektdə yanaşır. Bu isə o deməkdir ki, bütövlükdə Azərbaycan dünyanın inkişaf etmiş hissəsi ilə strateji xarakterli sıx əməkdaşlıq vəziyyətindədir. Sözsüz ki, bu, ölkə rəhbərliyinin yeritdiyi siyasətinin çox səmərəli olmasından və müasir tələblərə cavab verməsindən qaynaqlanır. Bu baxımdan Prezident İlham Əliyevin "Əsrin müqaviləsi"nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə dərin məzmunlu və geniş əhatəli nitqində söylədiyi fikirlər çox maraqlıdır.

Azərbaycan Prezidenti nitqində vurğulayıb: ""Əsrin kontraktı" Ulu öndər Heydər Əliyevin neft strategiyasının tərkib hissəsidir, onun başlanğıcıdır. Məhz Heydər Əliyevin cəsarəti, müdrikliyi sayəsində Azərbaycan özünü dünyaya təqdim edə bildi. Tarixdə ilk dəfə xarici şirkətlər Xəzər dənizində neft-qaz yataqlarının işlənilməsində iştirak etməyə başlamışlar... "Əsrin kontraktı"nın imzalanması tarixi hadisədir. Bu kontraktın faydasını bu gün Azərbaycan dövləti, Azərbaycan xalqı görür... "Əsrin kontraktı"nın bizim müstəqil tariximizdə xüsusi yeri, xüsusi rolu var".

Bunlar bir daha təsdiq edir ki, indi 25 illiyi qeyd edilən və dünyanın böyük dövlətləri üçün də əhəmiyyətli olan "Əsrin müqaviləsi" ciddi düşünülmüş və sistemli olaraq aparılan siyasət kursunun tərkib hissəsidir. Məhz bu keyfiyyətinə görə, hazırda çox sayda xalqlar onun faydasını görürlər. Müqavilənin imzalanması həm də onu göstərdi ki, Azərbaycan suveren və müstəqil dövlətdir, ölkənin təbii ehtiyatları tamhüquqlu şəkildə Azərbaycan xalqına məxsusdur. Həmin ehtiyatlardan necə və hansı qaydada istifadə məsələsini Azərbaycan xalqı, onun uzaqgörən, müdrik rəhbərliyi müəyyən edir.

Digər tərəfdən, "Əsrin müqaviləsi" Azərbaycanın müstəqil və demokratik dövlət quruculuğunda qətiyyətlə və tam səmərəli olaraq addımladığını dünyaya nümayiş etdirdi. Bu prosesin davam edəcəyinə və ölkənin yeni-yeni uğurlara imza atacağına qətiyyən şübhə yoxdur!

Newtimes.az