ABŞ donanması gəmi əleyhinə raket sınaqdan keçirib

ABŞ Hərbi Dəniz Qüvvələri Guam adasının sahil sularında keçirilən təlimlər zamanı "NSM" zenit raketinin uğurlu sınağını keçirib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın Sakit okean Donanmasının açıqlamasında bildirilib.

Qeyd edilib ki, “Gabrielle Giffords” sahil döyüş gəmisi “Pacific Griffin” adlı təlimlər zamanı “NSM” raketinin imkanlarını uğurla nümayiş etdirib. 

 
Açıqlamaya görə, bu, Hind-Sakit okean bölgəsində bu raketin ilk sınağı olub.

Qeyd edək ki, “NSM” gəmi əleyhinə raketi 100 dəniz milinə (185 km) qədər düşmən gəmilərini tapıb məhv edə biləcək yüksək dəqiqlikli uzun mənzilli zərbə silahıdır. Dəniz səthindən çox aşağı səviyyədə uçaraq, ərazini izləmək qabiliyyətinə malik bu raket çətin vəziyyətdə hədəfi dəqiq vura bilir.