“Ford” 548 minə yaxın avtomobili geri çağırır

ABŞ-ın qabaqcıl avtomobil istehsalçısı "Ford” Çindəki müştərək müəssisəsində istehsal olunan 548 minə yaxın avtomobili təhlükəsizlik yastıqlarındakı nasazlıqlara görə geri çağırmağa başlayıb.

Bu barədə Çinin Dövlət Bazar Tənzimlənməsi Administrasiyası məlumat yayıb. Proses zamanı 2013-2016-cı illərdə istehsal olunmuş 344 min 872 "Mondeo” modeli, 2014-2017-ci illərdə buraxılmış 203 min 4 "Edge" avtomobili geri çağırılacaq.


Bildirilir ki, həmin avtomobillərdəki hava yastıqlarının quruducu tərkibə malik olmayan nasosları sıradan çıxaraq və salona insan orqanizmi üçün zərərli qazlar buraxa bilər. Bu da öz növbəsində sürücü və sərnişinlərin həyatı üçün təhlükə yarada bilər.


"Ford”un Çindəki müştərək müəssisəsi olan "Changan Ford Automobile” nasaz hava yastıqlarını öz hesabına dəyişəcək.