KƏNGƏRLİ TƏLƏT NƏSRULLA OĞLU

Geologiya-mineralogiya elmləri doktoru, AMEA-nın müxbir üzvü KƏNGƏRLİ TƏLƏT NƏSRULLA oğlu 1948-ci il noyabr ayının 21-də Bakı şəhərində anadan olmuşdur. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) geologiya-coğrafiya fakültəsini mühəndis-geoloq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1971-1973-cü illərdə sovet ordusunda leytenant rütbəsində həqiqi xidmətdə olmuşdur. 1973-1994-cü illərdə Azərbaycan Geologiya İdarəsinin (1991-ci ildən Azərbaycan Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi) müxtəlf ekspedisiyalarının geoloji və geofiziki partiyalarında geoloq, böyük geoloq, baş geoloq, dəstə və partiya rəisi vəzifələrində çalışmışdır. T.N.Kəngərli 1982-ci ildə namizədlik, 2010-cu ildə isə doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1994-2001-ci illərdə İqtisadiyyat Nazirliyinin“Təbiətdən istifadənin iqtisadiyyatı və ekologiya” şöbəsinin müdiri, 2001-2010-cu illərdə isə Azərbaycan EA Geologiya İnstitutunda (hazırda AMEA Geologiya və Geofizika İnstitutu) aparıcı elmi işçi vəzifələrində çalışmışdır. 2011-ci ildən institutun “Geotektonika və regional geologiya” şöbəsinin rəhbəridir. 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir.T.N.Kəngərli regional geologiya, geotektonika, geodinamika, mineral xammal ehtiyatları,ekologiya və geoekologiya sahələrində tanınmış mütəxəssisdir. 150-dən artıq elmi əsərin, o cümlədən 16 xəritənin və 8 kollektiv monoqrafiya və kitabın müəllifi və həmmüəllifi, 1 müəlliflik şəhadətnaməsinin sahibidir. Onun iştirakı və rəhbərliyi altında Azərbaycan Respublikasının yeni geoloji, tektonik, neotektonik, struktur rayonlaşdırma, mineragenik və d. xəritələri tərtib edilmiş, onlardan 6 xəritə “Azərbaycan Respublikasının Milli Atlası”nda (2014) nəşr edilmişdir. “Azərbaycanın geologiyası” (rus dilində) səkkizcildli fundamental əsərin “Tektonika” cildinin (2005), “Azərbaycanın geologiyası” (Azərbaycan dilində) üçcildliyinin I çil¬dinin (2015), “Naxçıvan Muxtar Respublikasının stratiqrafiyası” (2016) və “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” (2017-2018) monoqrafiyalarının, “Azərbaycan Respublikasının geoloji irsi” (2012, 2013, 2015) və “Azərbaycanın təbiət və memarlıq möcüzələri” (2015) kitablarının müəlliflərindəndir. 2018-ci ildə nəşr edilmiş“Qərbi Azərbaycanın təbiisərvətləri. Gəncəbasar və Qarabağ” (ingilis dilində) və “Qarabağın təbiət irsi” (Azərbaycan dilində) kollektiv monoqrafiyalarının tərtib edəni, redaktoru və müəlliflərindəndir. İstehsalatdakı fəaliyyətinə görə keçmiş SSRİ Geologiya Nazirliyinin Fəxri fərmanı, Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinin Fəxri fərmanı ilə təltif olunmuşdur. 2018-ci ildə T.N.Kəngərli geologiya və geofizika elminin inkişafında xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmişdir. Təbrik edirik! Can sağlığı və yeni nailiyyətlər arzulayırıq!