Mingəçevirdə saxta alkoqollu içkilər aşkarlandı

Mingəçevirdə kustar üsulla alkoqollu içkilərin hazırlanması halı aşkar edilib.

Bu barədə Vergilər Nazirliyindən məlumat verilib. 

Qeyd olunub ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə Mingəçevir şəhərində yaşayış evlərinin birində kustar üsulla alkoqollu içkilərin hazırlanması barədə əməliyyat məlumatı daxil olub. 


Vergi xidmətinin əməkdaşları tərəfindən Mingəçevir şəhər məhkəməsinin 5 dekabr 2019-cu il tarixli qərarına əsasən, Yusubzadə Şəmsəddin Rəzəddin oğlunun yaşadığı Mingəçevir şəhəri, M.F.Axundov küçəsi, ev 8, mənzil 4 ünvanında baxış keçirilib.

Baxış zamanı Ş.Yusubzadə tərəfindən mənzilin sanitar qovşağında antisanitar şəraitdə süzülərək kustar üsulla doldurulmuş 20 ədəd müxtəlif həcmli, dörd ədədi isə 10 litrlik şüşə qablarda və bir ədəd üç litrlik şüşə qabda naringi şirəsi qatılmış alkoqollu içkilər, beş ədəd içki süzmək üçün qıf və 16 kisə boş butulkalar aşkar edilərək götürülüb. Aşkar edilmiş içkilərin tərkibinin müəyyənləşdirilməsi məqsədilə laboratoriyaya nümunələr göndərilib.

Xatırladaq ki, vergi orqanları ölkə ərazisində aksiz markasız və ya saxta aksiz markası ilə markalanmış məhsulların istehsalı və satışı hallarının aradan qaldırılması istiqamətində nəzarət tədbirlərini davam etdirir.