Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı komissiya yaradıldı - SƏRƏNCAM

Prezident İlham Əliyev Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamla ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə aşağıdakı tərkibdə Komissiya yaradılıb:

"Komissiyanın sədri

Şahin Mustafayev – Azərbaycan Respublikası Baş Nazirinin müavini

Komissiyanın üzvləri

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri

Azərbaycan Respublikasının İqtisadiyyat naziri

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri

Azərbaycan Respublikasının Maliyyə naziri

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin rəisi.

Komissiyaya tapşırılıb ki, su ehtiyatlarından istifadə və su təsərrüfatının idarə olunması sahəsində mövcud vəziyyəti təhlil etsin, su ehtiyatlarından istifadədə səmərəliliyin artırılmasını, uçotun və idarəetmənin təkmilləşdirilməsini və bu sahədə operativ əlaqələndirməni təmin etsin, verilən tapşırıqların icrası üçün müvafiq dövlət orqanlarının (qurumlarının), elmi müəssisələrin (təşkilatların), ixtisaslı mütəxəssislərin, habelə beynəlxalq ekspertlərin cəlb olunmasını təmin etsin, görülən işlər barədə hər altı aydan bir Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim etsin.

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir".