Bakıdan qədim Qobustana ekoturizm marşrutu   

 Ağamahmud Səmədov

 Bəlli olduğu kimi dünyanın hər yerində turizm sektoru sürətlə inkişaf etdirilməkdərir. Son dövrlərdə isə turizmin bir qolu olan ekoturizm sahəsi  səyyahları daha çox cəlb edir. Respublikamızda ekoturizmi inkişaf etdirmək üçün geniş imkanlar vardır. Buna misal olaraq  paytaxtımız Bakıdan babalarımızın çox-çox qədim zamanlarda məskən saldıqları və indi də onların yaşayış məskənləri qorunub saxlanılan Qobustana ekoturizm marşrutu ola bilər.

Bakıdan təkcə Azərbaycana deyil, bəşər sivilizasiyasına aid edilən Qobustan Dövlət Tarixi-bədii Qoruğuna ziyarətə yola çıxanların əksəriyyəti tezliklə mənzil başına çatmağı arzulayır. İlk baxışda adama elə gəlir ki, yol boyu solda  ucsuz-bucaqsız dənizə baxmaq, sağda isə çılpaq, boz təpələr və düzənlikləri seyr etmək  sanki adamı yoracaqdır.

Lakin,  ziyarətçinin elementar geoloji bilgiləri və doğma yurdun tarixi ilə tanışlığı olarsa bu səfər ona bütövlükdə bir bayram əhval-ruhiyyəsi bəxş edəcəkdir!

Əgər biz Bakının qərbindəki Badamdar yüksəkliyindən(175,7m) üzümüzü dənizə tutaraq baxsaqBakı muldasının qarşımızda açılmış füsunkar mənzərəsini seyr etmiş olarıq. Geoloji baxımdan o, cənub-şərqə doğru əyilmiş sinklinal qırışıq şəklindədir. Şərqdən Qaraçuxur-Zığ, qərbdən isə Bibiheybət antiklinal qırışıqlığı arasında yerləşir.Hər iki antiklinal qırışıqlıq neft-qaz yataqları saxlayır. Muldanın quruluşunda iştirak edən geoloji törəmələr əsas etibari ilə əhəngdaşları layları ilə növbələşən gilli-qumlu suxurlardan ibarətdir. Əhəng daşları mulda ətrafında sanki rəf əmələ gətirirlər.

Şəhərin, yaxud muldanın mərkəzi hissəsi pillə-pillə məhşur Bakı buxtasına enir. Burayaçox zaman Bakı amfiteatrı da deyilir.

...Budur, qarşınızda Bibiheybət neft yatağının buruqları canlanır. Qeyd etmək yerinə düşər ki, məhz bu yataq sahəsində 1848-ci ildə dünyada ilk mexaniki neft quyusu qazılmışdır. Yatağın geoloji quruluşunda pliosen-antropogen yaşlı çöküntülər iştirak edir. Qırışıqlığın mərkəzindəisə palçıq vulkanı yayılmışdır.

Bakı buxtasının cənub-qərb hissısində, Bayıl burnuadlanan yerin yaxınlığında yerləşən və hazırda dəniz suyunun altında qalmış,XIII əsrdə inşa edilmiş olan  tarixi memarlıq abidəsi -Bayıl qalası Şirvan-Abşeron memarlıq məktəbinin ən gözəl abidələrindəndir.Bayıl qalası Xəzər dənizinin səviyyəsinin qalxıb-enməsi nəticəsində gah dənizin üzərinə çixir, gah da sulara qərq olur.

Qala mənbələrdə müxtəlif adlarla, "Sualtı şəhər", "Bayıl daşları", "Səbayıl qalası", "Karvansara" və s. adlansa da, daha çox “Bayıl qəsri” adı ilə tanınır. Qalanın uzunluğu 180m, eni 35m-dir.

Bayıl qəsrinin tikintisi siyasi-hərbi baxımdan olduqca qarışıq bir vaxtda - Monqol yürüşləri bütün Yaxın Şərqi lərzəyə gətirdiyi vaxtda başa çatmışdı. Təəssüf ki, sahilə yaxın olan bu qəsrin ömrü çox qısa olmuşdur. Alimlərin fikrincə o, 1306-cı ildə baş verən güclü zəlzələ nəticəsində dənizə batmışdır.

Qəsrdəki daş lövhələr üzərində unikal kəsmə yazılar və təsvirlər qeyd olunmuş,rəsmlərin yanında dərin relyefli, iri şriftli ərəb yazıları, real insan rəsmləri həkk edilmişdir.

Bakıdan çıxarkən, Bibiheybət qəsəbəsinin şimal-qərbində yerləşən çox maraqlı bir geoloji abidə ilə tanış ola bilərik. Bu abidə "Bakı Mərtəbəsi" adlanır.Bakı Mərtəbəsinin çöküntülərini ilk dəfə 1891-ci ildə İsveç geoloqu H.Şöqren ayırmışdır. Yaşını isə N.Andrusov və D.Qolubyatnikov təyin etmişlər. Bakı Mərtəbəsi az duzlu su hövzəsi şəraitində əmələgələn boz rəngli qumlu, çaqıllı detritli əhəngdaşlarından, gillərdən, qumlu gillərin, əhəngdaşlarının və qumların növbələşməsindən ibarətdir.

Bu çöküntülər bilavasitə Bakı şəhəri yaxınlığında yerləşdiyinə görə adını da oradan almışdır. Dağ yamacında alt Abşeron çöküntülərinin 70m qalınlığı olan klassik çöküntüləri yayılıb və dünya geoloji ədəbiyyatına stratotip kəsiliş kimi daxil olmuşdur.  Hələ Sovet Azərbaycanı vaxtından Azerbaycan SSR Nazirlər Sovetinin 16 mart 1982-ci il tarixli, 167 saylı qərarı ilə Nadir Geoloji Abidə kimi xüsusi mühafizə olunan ərazilər sırasına daxil edilmişdir.

Avtomobillə səyahət edən ziyarətçini qarşıda bir-birindən maraqlı olan mənzərələr, yadda qalan  hadisələr gözləyir. Bunlardan biri də Lökbatan qəsəbəsinin yanında yerləşən eyniadlı neft yatağı və palçıq vulkanıdır. Bu yataq 1932-ci ildə palçıq vulkanı sahəsində aşkar olunmuşdur. Yataq kəşf olunan zaman 62 saylı buruq quyusunda II horizontdan debiti sutkada 1000t olan yüngül neft fontan vurmuşdur. Bir il sonra isə 45 saylı buruq quyusu IV horizontdan ağlasığmaz miqdarda - debiti sutkada 20 min ton (!) olan   neft fontan vurdu!

Bu buruq quyusu vulkanın kraterindən 1500m cənubda palçıq vulkanı brekçiyasının örtüyündə qoyulmuşdur. Burada Məhsuldar qatın bütun kəsilişi boyu neft-qazlılıq təyin olunmuşdur.

Yatağın geoloji quruluşunda pliosen -antropogen yaşlı çöküntülər iştirak edirlər. Lökbatan neft-qaz sahəsində  eyniadlı  palçıq vulkanı, yaxınlığında isə neftçilərin məşhur Lökbatan qəsəbəsi yerləşir.

Vulkan zirvəsində  günbəzəbənzər yüksəklikdə (86m)  iki təpə yerləşir. Buruq-qazma işlərinin məlumatlarına əsasən vulkan brekçiyasının qalınlığı 150m olmaqla 425ha sahəni əhatə edir.

Vulkanın kənarlarında pleystosen yaşlı terras inkişaf tapıb,  həmçinin buradaAbşeron mərtəbəsi əhəng daşlarının  sıra təpəcikləri və Məhsuldar qatın qumdaşları yayılmışdır. Vulkan antiklinal qırışıqlığın qübbəsində yerləşir.

Ümumiyyətlə, Lökbatan vulkanı dünyanın ən böyük və  aktiv palçıq vulkanlarından biridir. Bu vulkan püskürməninintensivliyinə görə "dünya rekordu" qazanıb.1828-ci ildən bəri vulkan 18 dəfə püskürmüşdür.

Ən güclü vulkan püskürmələri 1887;1935;1954;1972 və 1977-ci illərə təsadüf edir.1977-ci ilin oktyabr ayında baş vermiş püskürməzamanı ətrafa 30 mln.m3 təbii qaz və 140 min m3-dan artıq palçıq vulkanı brekçiyası  atılmışdır.

Vulkanın püskürdüyü bərk cismlər arasında paleogen-miosen yaşlı neftli terrigen və karbonat suxurları aşkar olunmuşdur.

Lökbatan palçıq vulkanının fəaliyyəti neftin lay təzyiqinə və məhsuldarlığa zəif təsir edirdi.

Haqqında danışılan neft yatağından çox böyük miqdarda neft və qaz hasil olunmuşdur. Məşhur 45 saylı quyu isə hələ də neft verir.Deməli, vulkanın " kökü" daha dərində yerləşir.

Qaradağ ərazisinə yaxınlaşdıqca yenidən bir sira fəaliyyətdə olan palçıq vulkanları  nəzərə çarpır.Bunların da sırasına Qaradağ-Axtarma, Torpaqlı-Axtarma və Otmanbozdağı aid  edilir. Ərazi geniş vadidən ibarətdir və mərkəzi hissəsi köhnə sopka brekçiyası axınlarının, Torpaqlı-Axtarma və Axtarma palçıq vulkanlarının geniş konusunun təşkil etdiyi bəndvari yuksəklik şəklindədir.

Qaradağın geoloji quruluşunda Neogen və Dördüncü dövr sisteminin çöküntüləri iştirak edirlər. Tektonik cəhətdən vulkanlar Məhsuldar qat çöküntülərindən ibarət  strukturun ön hissəsini tuturlar.Qaradağ sahəsi asimmetrik quruluşa malik antiklinal qalxmadan ibarətdir.

Bu qrupa aid olan Otmanbozdağ palçıq vulkanı Qaradağ dəmiryol stansiyasından şimal-qərbdə yerləşir. Yüksəkliyin mərkəzi hissəsini diametri 300m olan vulkan krateri tutur. Kəsik konus şəklində olan kraterin kənarları  6m hündürlüyündə bəndlə hüdudlanmışdır. Onun dik yamacları dərin yarğanlarla kəsilmişdir. Otmanbozdağın qrifon və salzaları iki qrupdan ibarətdir.

Mütləq yüksəkliyi 400m-ə yaxın olan bu palçıq vulkanın nəhəng  kütləsi ətraf ərazilərdən kəskin seçilir  və dünyanın ən iri palçıq vulkanlarından biri hesab olunur. Vulkanın  kütləsi Abşeron mərtəbəsinin çöküntülərinin üzərində yatır. Otmanbozdağın konusunun yamacları intensiv yuyularaq dərin dərələrlə parçalanmışdır. Dərələr çox zaman konusun başından başlayaraq radial şəkildə ayrılırlar.Otmanbozdağ müasir dövrün ən fəal palçıq vulkanlarından biridir. Onun püskürmə fəaliyyəti haqqında maraqlı məlumatlar vardır.Otmanbozdağ bir neçə dəfə daha fəal püskürmüşdür (1845,1904,1922,1951 və 1965-ci illər).Sopka brekçiyasının tutduğu sahə 10 km2-dən artıqdır.

Qobustan qəsəbəsinə  yaxınlaşarkən yolun solunda Böyük Kənizədağ palçıq vulkanının əzəmətli panoramını görürük. Vulkan Bakı şəhərindən cənub-qərbdə, Sanqaçal və  Duvannı dəmiryol stansiyaları arasında yerləşir.  Eyni zamanda o, ətraf düzənlikdə kəsik konus şəklində yüksələn iri oroqrafik vahiddir. Onun yamacları təpəsindən başlayaraq radial istiqamətdə uzanan, dik və uçurum divarlı yarğanlarla kəsilmişdir. Vulkanın özülünün diametri 2km-ə çatır. Krater bəndi üzərində fəaliyyətdə olan bir və sönmüş iki qrifon vardır.

Vulkan yerləşən rayon tektonik cəhətdən şimal-qərbdən şimal-şərqə uzanan braxiantiklinal qırışıqdan ibarətdir. Vulkanın sopka brekçiyasının tutduğu sahə 980ha, örtüyün qalınlığı 100-150m-dir. Bu qalınlıq orta hesabla 75m qəbul edilərsə belə brekçiyanın ümumi həcmi 735x106 m3-ə bərabər olacaqdır.

Böyük Kənizdağdan çox da uzaq olmayan bir yerdə, Ceyrankeçməz depresiyasının cənub hissəsində, Duvannı dəmiryol  stansiyasından qərbdəKiçik Kənizədağ palçıq vulkanı yerləşir. Bu vulkan  kəsik konus şəklində olan yüksəklikdən ibarətdir.Hazırda vulkan üzərində fəaliyyət göstərən qrifon və salza yoxdur. Yeni palçıq vulkanı dilləri  müşahidə edilmir. Vulkanın yamacları dərin qobularla kəsilmişdir. Sopka brekçiyasının tutduğu sahə 1400 ha bərabərdir. Sopka örtüyünün orta qalınlığı qazma məlumatlarına  əsasən50 m-dir. Vulkan tərəfindən çıxarılmış sopka materialının həcmi  700x106 m3 hesablanmışdır.

Beləliklə, biz Abşeron yarımadasının Bakı-Qobustan istiqamətində olan ən maraqlı palçıq vulkanları ilə ötəri tanış olduq.

Ümumiyyətlə, palçıq vulkanizmi geologiya elminin ən mühüm problemlerindən biridir. Bəs palçıq vulkanları harada yayılmışdır?

Maqma mənşəli vulkanlarla heçbir genetik əlaqəsi olmayan palçıq vulkanları Yer kürəsində maqmatik vulkanlara nisbətən məhdud şəkildə yayılmışlar. Onlar əsasən Rumıniya, Hindistan və digər ölkələrdə yayılmışlar.

Azərbaycan palçıq vulkanlarının vətənidir. Onun şərq hissəsində və Xəzərin Azərbaycana  aid akvatorisində  300-dən artıq palçıq vulkanı qeyd olunur.Bu vulkanlar da morfoloji cəhətcə müxtəlif olmalarına,  görünüşlərinə və təzahür formalarına görə (hərəkətdə olan, sönmüş, neftli və s.) ayrılırlar. Onların içərisində çoxlu gözəl, əzəmətli palçıq vulkanları vardır.

Beləliklə, biz doğma vətənimizin bir parçasında, təbiətin nadir mocüzəsi olan müxtəlif formalı palçıq vulkanları ilə tanış olduq və bizdə bu barədə geniş  və unudulmaz bir təəssurat yarandı...

... Məncə artıq yaxınlığında olduğumuz və ulu əcdadlarımızın açıq səma altında yaratdıqları möcüzəni-Qobustan Dövlət Tarixi-bədii Qoruğunu ziyarət etmək zamanıdır.Qobustan qəsəbəsindən bir qədər şimalda, eyniadlı Dövlət tarixi-bədii qoruğu-qədim  babalarımızın yaşayış məskəni yerləşir.

Qoruq Böyükdaş, Kiçikdaş, Cingirdaş sahələrini və Yazılı təpəni əhatə edir.Adları çəkilən yerlər altında gilli törəmələr yatan, Abşeron mərtəbəsinin qalın əhəngdaşlarından təşəkkül tapıb. Gilli törəmələrin eroziyaya həssas olmasına rəğmən əhəngdaşları çoxsaylı daş qalaqları olan uçurumlu yamaclar, 20-dən artiq böyük və kiçik mağaralar, boşluqlar və talvarlar yaratmişdır.

Bunların içərisində ən məşhurları Ovçular zağası, Kəniza zağası, Ana zağa olmaqla mezolit mədəniyyətini-daş əmək alətlərini saxlayırlar. Qobustanda aşkar olunmuş qayaüstü rəsmlər həmçinin daş dövrünə (mezolit-neolit) aid olan arxeoloji tapıntılar, bürünc dövrü və sonrakı dövrlərə aid edilən yaşayış məntəqələri və məzarlar qədim insanların həyat tərzi, təsərrufat vərdişləri və mənəvi aləmi barədə bizdə real təsəvvur yaradır.Qədim maddi-mədəniyyət abidələri Azərbaycanın şərq hissəsininiqlim xüsusiyyətləri, həmçinin fauna və florası barədə dolğun məlumat verir. Tematik planda Qobustanın qayaüstü rəsmləri növmüxtəlifliyi ilə səciyyələnir. Kompozisiyalar kollektiv əməyi, yallı rəqsini, vəhşi heyvanları ovlama səhnələri, heyvanların döyüşünü çox gözəl əks etdirir.

Bundan başqa qayalara silahlı süvarilər, əlində nizə olan insanlar, dəvə karvanları, həmçinin bizim eranın I əsrində yaşamış Roma imperatoru Dominisianın dövrünə aid olan qədim latın etnoqrafik abidəsi də  həkk olunmuşdur.

Qayaüstü rəsmlərin ən vacib özəlliyi onların realist icrası və formalarının proporsional olması ilə xarakterizə olunur. Rəsmlər içərisində ən çox diqqəti e.ə. X-VII min illiyə aid edilən rəsmlər özünə cəlb edir. Onlar qayalara siluet formasında - əks barelyef şəklində həkk edilmişlər.

Qədimliyinə görə ikinci yeri (e.ə. VII-VI min illik) öküzlərin döyüşü həkk olunmuş rəsmlər tutur. Bu rəsmlər xeyli böyükdürlər, real planda əks olunublar.

Beləliklə, biz qədim əcdadlarımızın məskənlərindən biri olan Qobustan    Dövlət Tarixi-bədii Qoruğuna ziyarətimizi başa vurduq. Ulu babalarımızın qədim dünyanın ən mükəmməl sənət əsərləri ilə yarışmağa layiq olan belə bir möhtəşəm abidə yaratdıqlarına görə qürur duyduq. Eyni zamanda Azərbaycanımızın Xüsusi Mühafizə Olunan Təbiət Əraziləri Siyahısına  daxil edilmiş  əzəmətli, nadir Geoloji  abidələrlə - palçıq vulkanları ilə, Bakımızın qədim neft yataqları və b. maraqlı hadisələrlə tanış olmağımız bizdə bütün ömrümüz boyu unudulmayacaq təəssürat oyatdı.