İki gündə evini tərk edən 50-dən çox koronavirus xəstəsi məsuliyyətə cəlb olunub

Noyabrın 22-də və 23-də polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən paytaxtda 30, Gəncə, Sumqayıt, Şirvan şəhərləri, eləcə də Goranboy, Şabran, Zaqatala, Sabirabad, Biləsuvar, Quba, Qusar, Cəlilabad və Saatlı rayonlarında isə 21 aktiv “COVID-19” xəstəsinin digər şəxslərin sağlamlığını təhlükə qarşısında qoyaraq sərbəst hərəkət etmələri müəyyən olunub və görülmüş tədbirlərlə həmin şəxslər dərhal təcrid ediliblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, hər bir fakt üzrə müvafiq rayon polis idarə və şöbələrində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən ölkə ərazisində tətbiq olunmuş xüsusi karantin rejimi dövründə “Covid-19” virusunun yayılması hallarının qarşısının alınması istiqamətində bir sıra tədbirlər həyata keçirilir, vətəndaşlar tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena qaydalarının pozulması hallarına yol verilməməsi ciddi nəzarətdə saxlanılır.