203 nəqliyyat vasitəsi karantin postlarından geri qaytarılıb

Sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar karantin postlarında nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması ilə bağlı statistika açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən verilmiş müvafiq qərara əsasən, 14.12.2020-ci il saat 08:00-dan 15.12.2020-ci il 08:00-dək olan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 18-i rayon, 21-i paytaxt istiqamətinə olmaqla 39, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 26-sı rayon, 32-si paytaxt istiqamətinə olmaqla 58, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 68-i rayon, 38-i paytaxt istiqamətinə olmaqla 106 avtomobil geri qaytarılıb.

Ümumilikdə 203 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.