Nəsir Əhmədli vəfat edib

Bakı Dövlət Universitetinin Jurnalistika Fakültəsinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının professoru, filologiya elmləri doktoru Nəsir Əhmədli uzun sürən xəstəlikdən sonra vəfat edib.

BDU-dan bildirilib ki, professor Nəsir Əhmədli Tovuz rayonunda dəfn olunacaq.

Nəsir Əhmədli 1942-ci il iyulun 1-də Tovuz rayonunun Alakol kəndində anadan olub. 1959-cu ildə həmin kənddə orta məktəbi bitirib.1962-1965-ci illərdə hərbi xidmətdə olub. 1971-ci ildə BDU-nun jurnalistika fakültəsini bitirib. 1981-ci ildə “Sovet gerçəkliyi və xarici publisistikada onun inikası (Sovet Azərbaycanı haqqında 1966-1975-ci illərdə dərc olunmuş materiallar əsasında)” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 2007-ci ildə “Azərbaycan Beynəlxalq Radiosunun Yaxın və Orta Şərq ölkələrinə yayımı: tarix, təcrübə, nəzəriyyə” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 2016-cı il Mirzə Cəlil Media Mükafatına layiq görülüb.

“Jurnalistin nitq mədəniyyəti” kitabına görə “Media açarı-2006” mükafatına layiq görülüb.