Xaçmazda narkotik bitki yetişdirən şəxslər saxlanılıblar

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin külli miqdarda kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakinləri Şıxsa Mahmudzadə və Fərid Abdıyevi saxlayıblar.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslərin rayonun Qaracəlli kəndi ərazisindəki meşə sahəsində əkib yetişdirdiyi 1233 ədəd yaş vəziyyətdə əkilib-becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkisi aşkar olunaraq götürülüb.

Bundan başqa həmin əraziyə baxış keçirilən zaman külli miqdarda nartkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.