Qubada küləyin təsirindən aşan çinar ağacı elektrik, rabitə və qaz xətlərinə ziyan vurub

Qubada güclü küləyin təsirindən aşan irigövdəli çinar ağacı elektrik, rabitə və qaz xətlərinə ziyan vurub.

Hadisə rayonun Alekseyevka kəndində, Quba-Xaçmaz yolunun kənarında baş verib.

Çinar ağacının elektrik xətlərinin üstünə düşməsi nəticəsində 3 elektrik dirəyi yıxılıb, iki kəndə enerjinin verilişi kəsilib. Qırılan elektrik xətti Quba-Xaçmaz yolunun üstünə düşdüyündən nəqliyyat vasitələrinin hərəkətində müvəqqəti məhdudiyyət yaranıb.

Bundan başqa, yıxılan çinar ağacı Alekseyevka kənd sakini Zəfər Qarayevə məxsus yardımçı tikililəri də yarasız hala salıb.

Əlaqədar dövlət qurumlarının əməkdaşları hadisə yerinə cəlb olunub, fəsadların aradan qaldırılması istiqamətində iş aparılır.//Azərtac