Tehranda keçiriləcək üçtərəfli görüşdə regional və qlobal məsələlər müzakirə ediləcək

Bu gün Tehranda İran, Türkiyə və Rusiya prezidentlərinin üçtərəfli görüşü keçiriləcək.

 İran Prezidenti İbrahim Rəisi əvvəlcə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, sonra isə Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. Görüşlərdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və sosial-iqtisadi münasibətlər müzakirə ediləcək.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov İranın dövlət televiziyasına verdiyi müsahibəsində bildirib ki, ikitərəfli görüşlərdə əsas müzakirə mövzusu iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsidir. Nəqliyyat-tranzit sahəsində geniş əməkdaşlıq əlaqələrinə malik olan Rusiya ilə İran ticarət əlaqələrində ABŞ dollarından deyil, milli valyutadan istifadə etməyi planlaşdırır. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Asiya ilə Avropanı birləşdirən nəqliyyat xətti olmaqla yanaşı, Moskva ilə Tehran arasındakı ticarət əlaqələrinin artmasına, qarşılıqlı investisiya yatırımına və digər sahələrdəki qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişafına təkan verən beynəlxalq layihədir. Yeri gəlmişkən qeyd edək ki, bu layihənin həyata keçirilməsində Azərbaycan Respublikası da iştirak edir. Ölkəmiz hər iki dövlətlə əməkdaşlıq əlaqələrini uğurla davam etdirir.

Türkiyə-İran iqtisadi əlaqələrində də nəqliyyat sahəsi əsas yerlərdən birini tutur. Ötən ay Qazaxıstandan yola salınan yük qatarı İran ərazisindən keçməklə Türkiyəyə çatıb. Qazaxıstan-Türkmənistan-Türkiyə arasında dəmir yolu vasitəsi ilə əlaqənin yaradılması ölkələrin iqtisadiyyatına töhfə verir. Bundan başqa, Türkiyə sanksiyalara baxmayaraq, İrandan qaz almaqda davam edir. Sözsüz ki, bu məsələlər ikitərəfli görüşlərdə müzakirə edilərək yeni mərhələyə adlayacaq.

Üçtərəfli görüşdə isə regional və qlobal problemlərə toxunulacaq ki, bu da dövlət başçılarının Tehran görüşünün əsas mövzusunu təşkil edəcək. Hazırda dünyada və regionumuzda baş verən siyasi hadisə və proseslərə nəzər saldıqda bu görüşdə Suriya, Ukrayna, Cənubi Qafqaz məsələlərinin müzakirə ediləcəyi şübhəsizdir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, hər üç dövlət inkişaf edən iqtisadi əlaqələrə malik olsalar da, bir sıra regional və qlobal problemlərə fərqli mövqelərdən yanaşırlar.

Tehran görüşünün baş tutması faktı onu deməyə əsas verir ki, regiondakı siyasi proseslərə fərqli baxışların olmasına baxmayaraq hər üç dövlət başçısı siyasi iradə nümayiş etdirərək mövqeləri yaxınlaşdırmaq və mövcud problemlərin daha da artmasına imkan verməmək qərarına gəliblər.

Görüşün hansı nəticələrlə başa çatacağı və hansı razılaşmaların əldə olunacağını isə zaman göstərəcək. İndi əsas məsələ odur ki, problemlərin həlli üçün irəliyə doğru addımlar atılır.//Azərtac