Ağacların qanunsuz kəsilməsi faktları ilə bağlı cinayət işləri başlanıb

Baş Prokurorluğa daxil olmuş vətəndaşların ərizələri, media və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında Cinayət təqibindən kənar icraatlar idarəsində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

Baş Prokurorluqdan verilən məlumata görə, Lənkəran rayonunun Bürcəli kəndində, Balakən rayonunun Püştətala kəndində, Zərdab rayonunun İsaqbağı kəndində meşə fonduna daxil olmayan və Oğuz rayonu ərazisində meşə fonduna daxil olan ağacların və kolların qanunsuz kəsilməsi nəticəsində ümumilikdə 49 min manat ziyan dəydiyi müəyyənləşdirilib.

Göstərilən faktlar üzrə Cinayət Məcəlləsinin 259.1-ci, 259.2.4-cü (qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanılaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.