Nərimanov rayonunda narkokuryerliyə cəlb olunan şəxslərdən 36 kiloqram narkotik vasitə aşkar edilib

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Cəlal Həsənov və tanışı Elvin Novruzov saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  bildirilib ki, bu şəxslərin əlində olan bağlamaya baxış zamanı 10 kiloqrama yaxın marixuana və tiryək aşkar edilib. Saxlanılan şəxslər ifadələrində sosial şəbəkələr vasitəsilə tanış olduqları xarici ölkələrdən birində yaşayan narkotacirin təsiri altına düşərək onun müxtəlif şirnikləndirici vədləri müqabilində Bakı şəhərində narkokuryerlik təklifi ilə razılaşdıqlarını bildiriblər.

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Vəkilxan Səmədov və Pərviz Əsgərov da tutularaq istintaqa cəlb ediliblər. Bu şəxslərdən və onların idarə etdikləri avtomobillərdən 10 kiloqramdan artıq heroin və 2 kiloqram tiryək aşkar edilib. Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxslər barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, idarə əməkdaşları tərəfindən Nərimanov rayonunda son dövrlər ərzində keçirilən əməliyyatlar zamanı ümumilikdə 36 kiloqram, o cümlədən 23 kiloqram heroin və digər güclü təsiredici narkotik vasitə, 10 kiloqram marixuana, həmçinin 3 kiloqram metamfetamin qanunsuz dövriyyədən çıxarılıb. Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq şöbəsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.