Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində mənzillərin güzəştlə satışı barədə elan verildi

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində mənzillərin güzəştlə satışı barədə elan
Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu “6” ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsinin 4 saylı binası üzrə 64, 5 saylı binası üzrə 53, 6 saylı binası üzrə 44, 9 saylı binası üzrə 44, 10 saylı binası üzrə 64, 11 saylı binası üzrə 54, 12 saylı binası üzrə 44, 14 saylı binası üzrə 21, 17 saylı binası üzrə 44, 18 saylı binası üzrə 44, 19 saylı binası üzrə 41, 20 saylı binası üzrə 8, 21 saylı binası üzrə 44, 22 saylı binası üzrə 39, 23 saylı binası üzrə 39, 24 saylı binası üzrə 24, 25 saylı binası üzrə 72 və 26 saylı binası üzrə 72 mənzilin, ümumilikdə 815 mənzilin satışı 15 sentyabr 2022-ci il tarixində saat 11:00-da başlayacaq və 22 sentyabr 2022-ci il tarixi saat 11:00-dək davam edəcəkdir.

“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 19 sentyabr 2022-ci il tarixində saat 11:00-da başlayacaq və 22 sentyabr 2022-ci il tarixi saat 11:00-dək davam edəcəkdir.

Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa malikdir.

“Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az və www.mida.az internet saytlarının ana səhifələrində “Güzəştli mənzil" sistemi keçidi vasitəsilə tanış olmaq mümkündür.

Satışa çıxarılan mənzillər barədə ümumi məlumat:

Satışa ümumilikdə 815 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

Bütün binalar Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunub. Bununla bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin 29.11.2018-ci il tarixli 26396, 07.12.2018-ci il tarixli 26436, 15.02.2019-cu il tarixli 26721 nömrəli müsbət rəyləri mövcuddur.