Nazir: Ağalıda inşa olunan “ağıllı kənd” dünyada Azərbaycan modeli kimi qiymətləndirilə bilər

Ağalıda inşa olunan “ağıllı kənd” dünyada Azərbaycan modeli kimi qiymətləndirilə bilər.

Bu barədə Bakıda "Ağıllı kəndlər: kənd yerlərinin inkişafına innovativ yanaşma” mövzusunda keçirilən beynəlxalq konfransda kənd təsərrüfatı naziri İnam Kərimov deyib.

Nazir qeyd edib ki, azad olunmuş ərazilərə Böyük Qayıdışın ilk məntəqəsi olan “ağıllı kənd” mütərəqqi beynəlxalq təcrübə nəzərə alınmaqla salınır. Əsas hədəf 30 il öncə yurdlarını tərk etməyə məcbur qalan soydaşlarımızın yüksək şəraitli müasir kənd və şəhərlərə qayıdışını təmin etməkdir. Bu mənada Zəngilanda inşa olunan “ağıllı kənd” MDB məkanında ilkdir, eyni zamanda dünyada mövcud olan digər ağıllı kəndlərdən fərqlənir. Rəqəmsallaşma, alternativ enerjidən istifadə, ictimai xidmətlərin elektronlaşması, ətraf mühitin mühafizəsi, tullantıların idarə olunması “Ağıllı kənd”də kompleks şəkildə tətbiq olunmaqdadır. Buna görə Ağalıda inşa olunan “Ağıllı kənd” dünyada Azərbaycan modeli kimi qiymətləndirilə bilər.

“Ağıllı kənd” modellərinə bütün dünyada böyük maraq var. Çünki kənd əhalisinin istək və ehtiyaclarının yerlərdə qarşılanması şəhərlərə axını azaldan başlıca faktordur. Qabaqcıl dünya ölkələri artan urbanizasiyanın yol açacağı ekoloji, demoqrafik və digər çətinliklərin qarşısını almağa çalışır. Bu məqsədlə iqtisadi inkişaf və ətraf mühit arasında tarazlığı qoruyan yeni texnologiyalar, inkişaf modelləri tətbiq edilməkdədir. Bu texnologiyalar müxtəlif ağıllı sistemlərin tətbiqi ilə insanların ehtiyac duyduğu xidmətlərlə təmin olunmasına əsaslanır. Məsələn, Zəngilanda salınmış “ağıllı kənd”də enerji tələbatı alternativ resurslar vasitəsilə qarşılanır, yaşıl enerji zonalarının yaradılması sağlam ekoloji və ətraf mühit formalaşdırır. Yaxşı idarəetmə əsasında ictimai xidmətlərin səmərəliliyi, təhlükəsizliyi təmin olunur", - deyə İ.Kərimov qeyd edib.//AZƏRTAC