Bu gün 21 ölkədə Avropa Parlamentinə seçkilər keçirilir 

Bu gün Avropa Parlamentinə seçkilərdə həlledici gündür. Mayın 23-dən 26-dək Avropa İttifaqına üzv olan 28 ölkədə keçirilən seçkilərdə 427 milyon səsvermə hüququna malik vətəndaş növbəti beş il müddətinə öz namizədlərini seçirlər.

 Avropa Parlamentinə seçkilər mayın 23-də Böyük Britaniya və Niderland Krallığında start götürüb. “Brexit” ilə bağlı yekun qərar verilmədiyinə görə, Böyük Britaniya sakinləri də parlamentə öz nümayəndələrini seçirlər. Niderland Krallığında isə sağçı populistlər gözlənildiyindən az səs toplayıblar və ilkin proqnozlarda sosial demokratlar ilk yerdə qərar tutublar.

Cümə günü İrlandiyada, şənbə günü isə Çexiya, Latviya, Malta və Slovakiyada seçkilər başa çatıb.

Bu gün isə Avropa İttifaqına üzv olan 21 ölkədə Avropa Parlamentinə seçkilər baş tutacaq. Səsvermənin ilkin nəticələri ən sonuncu seçki məntəqəsi bağlandıqdan sonra elan edilə bilər. Seçki məntəqələri ən son İtaliyada bağlanacağına görə, bütün ölkələr üzrə ilkin nəticələrin elanı yalnız bundan sonra baş verəcək.

Hazırda Avropa Parlamentində deputatlar səkkiz fraksiyada birləşirlər. Onlardan ən böyüyü mühafizəkar Avropa Xalq Partiyası (216 mandat) və Sosial Demokratların Proqressiv Alyansıdır (185 mandat). Avropa Mühafizəkarları və İslahatçılar (77 mandat), Azadlıq və Birbaşa Demokratiya Avropası (42 mandat) və Millətlər və Azadlıq Avropası (36 mandat) fraksiyaları isə Aİ əleyhdarları və sağçı-populistləri öz sıralarında birləşdirirlər.

Bu dəfəki seçkilərdə 751 yerlik Avropa Parlamentinə seçkilərdə sağçı populist və Aİ əleyhdarlarının öz sıralarını genişləndirəcəyi ehtimal olunur. Lakin Avstriyada sağçı-populist Avstriya Azadlıq Partiyası ilə bağlı baş verən video qalmaqalın seçkilərin nəticəsinə təsir göstərəcəyi də proqnozlaşdırılır.

Elgün Niftəli