G20 sammitinin keçiriləcəyi Osaka şəhərində leysan yağışları barədə xəbərdarlıq edilib

İyunun 28-29-da G20 ölkələri liderlərinin sammitinin keçiriləcəyi Osaka şəhərinin hakimiyyət orqanları tropik siklonun yaxınlaşması ilə əlaqədar leysan yağışları, güclü külək və bunun nəticəsində yarana biləcək torpaq sürüşmələri barədə xəbərdarlıq yayıb.

Həmin tropik qasırğanın yaxın 24 saat ərzində tufana çevriləcəyi proqnozlaşdırılır.

Yerli hökumətin rəsmi saytında yerləşdirilən məlumatda, həmçinin qeyd edilir ki, Osaka prefekturasında iyunun 27-də axşamdan iyunun 28-də səhərədək leysan yağışları da gözlənilir.

Xatırladaq ki, iyunun 28-29-da Osakada G20 ölkələri liderlərinin sammiti keçiriləcək. Foruma Yaponiya sədrlik edəcək. “Böyük iyirmiliyə” daxil olan ABŞ, Avropa İttifaqı, Argentina, Avstraliya, Almaniya, Böyük Britaniya, Kanada, Koreya respublikası, Çin, Fransa, İndoneziya, İtaliya, Hindistan, Meksika, CAR, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə və Yaponiya ilə yanaşı, İspaniya, Sinqapur, Tailand, Misir, Seneqal, Çili, Vyetnam, Niderland, həmçinin BMT, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, BƏT və digər beynəlxalq təşkilatlar da tədbirə qatılacaq.

G20 ölkələri liderlərinin ticarət və investisiyalar, innovasiyalar, gender məsələləri, ekologiya və energetika mövzularında müzakirələr aparacağı gözlənilir. Bundan əlavə, rəqəmsal iqtisadiyyat və qadınların hüquqlarının genişləndirilməsi mövzularında daha iki tədbirin keçirilməsi nəzərdə tutulur.

Vüqar Ağayev