Rəsədxana 2025-ci ildə Ay və Günəş tutulmalarının təqvimini təqdim edib
Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxi Astrofizika Rəsədxanası 2025-ci ildə Ay və Günəş tutulmalarının təqvimini təqdim edib.
Rəsədxanadan bildirilib ki, gələn il iki Günəş, iki Ay tutulması olmaqla ümumilikdə dörd tutulma baş verəcək. Martın 17-də və sentyabrın 7-də baş verəcək Ay tutulmalarının hər ikisi tam Ay tutulması olacaq. Tam Ay tutulması zamanı Ay bütövlükdə Yerin kölgəsindən keçir. Martın 29-da və sentyabrın 21-də təsadüf edən Günəş tutulmaları isə qismən tutulma olacaq, yəni ay Günəş diskini tamamilə örtə bilməyəcək. 2025-ci ildəki tutulmalardan yalnız biri - sentyabrın 7-də baş verəcək Ay tutulması Azərbaycandan müşahidə oluna biləcək.
Martın 14-də ilin ilk Ay tutulması baş verəcək. Bu tutulma Şimali və Cənubi Amerika, Avstraliyanın çox hissəsi, Avropanın bir hissəsi, Asiyanın şərq hissəsi, Sakit və Atlantik okeanı, Arktika və Antarktidanı əhatə edəcək. Tutulma Bakı vaxtı ilə saat 07:57-də başlayacaq və 14:00-da bitəcək. Ümumilikdə 6 saat davam edəcək tutulmanın maksimumu saat 10:58-də olacaq.
Sentyabrın 7-də isə ikinci Ay tutulması olacaq. Tutulma əsasən Avropa, Asiya, Afrika, Avstraliyanı, Hind okeanı və Antarktidanı əhatə edəcək. Şimali Amerikanın qərbi, Cənubi Amerikanın şərqi, Sakit okean və Arktikada isə qismən və yarımkölgəli tutulma müşahidə olunacaq. Tutulma prosesi Bakı vaxtı ilə saat 19:28-də başlayacaq və sentyabrın 8-də 00:55-də bitəcək. Diskin tam tutulması isə 21:30-da başlayacaq və 82 dəqiqə davam edəcək.
İlin ilk Günəş tutulması isə martın 29-da baş verəcək. Günəş tutulması ümumilikdə Şimali Amerikanın şimal-şərq hissəsi, Cənubi Amerikanın şimalı, Avropa, Asiyanın şimalı, Arktika və Atlantik okeanını əhatə edəcək. Tutulma Bakı vaxtı ilə saat 12:50-də başlayacaq və saat 16:43-də bitəcək.
Sonuncu tutulma hadisəsi sentyabrın 21-nə təsadüf edəcək.Tutulma Avstraliyanın cənub şərq hissəsini, Sakit və Atlantik okeanı və Antarktidanı əhatə edəcək. Bakı vaxtı ilə saat 17:29-da başlayıb saat 21:53-də bitəcək tutulmanın maksimumu saat 19:41-ə uyğun gəlir.