ABŞ-ın hərbi məqsədlə hazırlanmış rabitə peyki kosmosa buraxılıb 

Avqustun 8-də Bakı vaxtı ilə saat 14:13-də Birləşmiş Ştatlar ordusunun ehtiyacları üçün hazırlanmış AEHF-4 mühafizə olunmuş yüksək tezlikli rabitə peyki (Advanced Extremely High Frequency 4) Florida ştatının Kanaveral burnundakı hərbi bazada yerləşən kosmodromdan fəzaya buraxılıb. “Atlas V” raketdaşıyıcısı ilə peykin kosmosa göndərilməsi buraxılışın operatoru United Launch Alliance (ULA) tərəfindən canlı yayımla təqdim edilib.

Qeyd edilir ki, AEHF seriyasından olan sayca beşinci aparat Lockheed Martin korporasiyası tərəfindən inşa edilib. İlk üç peyk 2010-cu ildən 2013-cü ilədək “Atlas V” raketləri ilə buraxılıb. Onlar ABŞ ordusu hərbi hissələrinin komandanlığı üçün mühafizə olunmuş və dayanıqlı rabitə sisteminin təmin olunması məqsədilə hazırlanır.

Mütəxəssislər bildirirlər ki, AEHF peykləri 1,8 milyard dollara başa gəlir. Onların xidmətindən ABŞ-ın müttəfiqləri, o cümlədən Böyük Britaniya, Kanada və Niderland da istifadə edir. Bu cür daha iki aparatın da istehsal ediləcəyi gözlənilir.

2006-cı ildə yaradılmış ULA korporasiyası Boeing və Lockheed Martin şirkətlərinin birgə müəssisəsidir. Bugünkü missiya da daxil olmaqla, indiyədək “Atlas V” raketdaşıyıcıları tərəfindən kosmosa 80 peyk göndərilib.