Yaponiyanın Baş nazirinin Avropa ölkələrinə, ABŞ-a və Kanadaya səfəri başlayıb

Aprelin 22-də Yaponiyanın Baş naziri Şinzo Abenin bir sıra Avropa ölkələrinə, ABŞ-a və Kanadaya səfəri başlanıb.

Səfərin məqsədi iyunda Osakada keçiriləcək G20 sammitinə hazırlıq çərçivəsində müzakirələrin aparılmasıdır.

Baş nazir səfərin birinci mərhələsində Fransa, İtaliya, Slovakiya, Belçikada, növbəti mərhələdə isə ABŞ və Kanadada olacaq, bu ölkələrin liderləri ilə görüşəcək.

Ş.Abenin Fransaya səfəri çərçivəsində onun Prezident Emmanuil Makrona yanğından zərər çəkmiş “Notr-Dam de Pari” məbədinin bərpası ilə bağlı yardım təklif edəcəyi gözlənilir. Eyni zamanda, Ş.Abenin E.Makron ilə qarşıdan gələn G20 sammitinin gündəliyinə plastik tullantılar, onların dənizə vurduğu zərərlə bağlı məsələlərin daxil edilməsini müzakirə edəcəyi də bildirilir.

Ş.Abe bu məsələlərdə Fransa prezidentinin dəstəyinə və onunla sıx əməkdaşlığa inanır.

ABŞ Prezidenti Donald Trampla görüşdə Ş,Abe ABŞ-Şimali Koreya sammitinin uğursuzluqla nəticələnməsindən sonra, Şimali Koreyanın nüvə silahının ləğvi ilə bağlı Yaponiya və ABŞ-ın sıx əməkdaşlığını təsdiq edəcəyinə ümid edir.

İki ölkənin liderlərinin, həmçinin Yaponiya və ABŞ arasında ötən həftə başlanmış ticari danışıqların yeni raundu ilə bağlı müzakirələr aparacağı da gözlənilir.

Eyni zamanda, gələn ayın sonlarında D.Trampın Yaponiya dövlət səfəri zamanı yeni İmperatorla görüşən ilk əcnəbi lider olacağı da bildirilir. Bununla yanaşı, onun iyunda Osakada keçiriləcək G20 sammmitinə qatılacağı da qeyd edilir. Bu isə o, deməkdir ki, Ş.Abe D.Trampla qarşıdakı üç ay ərzində üç ardıcıl görüş keçirəcək.

 

Vüqar Ağayev