İsmayıllıda “Kartof Festivalı”nda kütləvi zəhərlənmə olub - YENİLƏNİB

İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına zəhərlənmə ehtimalı ilə 7 nəfər (3 kişi, 4 qadın) müraciət edib.


Səhiyyə Nazirliyindən verilən məlumata görə, müraciət edənlərə tibbi yardım göstərildikdən sonra evə buraxılacaqlar. Hadisə barədə polis və Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilib.


***


Saat 13:36


İsmayıllı rayonunda kütləvi zəhərlənmə olub.


APA-nın yerli bürosunun xəbərinə görə, hadisə ötən gün axşam saatlarında İsmayıllının Talıstan kəndində keçirilən "Kartof Festivalı”nda qeydə alınıb. Festival iştirakçılarından, İsmayıllının Təzəkənd kənd sakinləri - 1991-ci il təvəllüdlü Aytac Rəcəbova, 1974-cü il təvəllüdlü Natavan Nəcəfova, 1971-ci il təvəllüdlü Yeganə Məmmədova, 1977-ci il təvəllüdlü Bəxtirə Mayılova, Kürdmaşı kənd sakinləri - 1987-ci il təvəllüdlü Amil Quliyev, 1987-ci il təvəllüdlü Əlibaba Quliyev, Ucar rayon sakini, 1967-ci il təvəllüdlü Cavad Allahverdiyevin qəflətən halı pisləşib və onlar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.


İlkin məlumata görə, adı çəkilən şəxslərin festivalda satılan dönəri yedikdən sonra halı pisləşib. Onların zəhərləndiyi ehtimal olunur.