SOCAR-ın Avstriyadakı "A1" yanacaqdoldurma şəbəkəsinin rebrendinqi yaxınlarda başa çatacaq

Avstriyanın pərakəndə yanacaq satışı bazarında SOCAR-a məxsus “A1” yanacaqdoldurma şəbəkəsinin rebrendinqi yaxın müddətdə tam başa çatdırılacaq.

SOCAR-dan  verilən məlumata görə, bunu şirkətin prezidenti Rövnəq Abdullayev Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri Andreas Rayxhardtınin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü zamanı deyib.

Onun sözlərinə görə, hazırda 82 yanacaqdoldurma məntəqəsindən ikisində rebredinq aparılıb.

 
R. Abdullayev Avstriyanın yanacaq enerji sektorunda biznesini genişləndirməkdə maraqlı olduğunu vurğulayıb. O, Sumqayıtdakı kimya sənaye parkı ilə bağlı ətraflı məlumat verərək, Azərbaycanda əlverişli investisiya mühiti yaradıldığını qeyd edib, xarici sərmayələrin qorunmasından danışıb. R. Abdullayev kimya sənayesinin ölkə iqtisadiyyatının perspektivli sahələrindən olduğunu vurğulayaraq, bu istiqamətdə səmərəli təkliflərin operativ surətdə müzakirə edilib dəyərləndiriləcəyini bildirib.

Öz növbəsində nazir A. Rayxhardt, Avstriya şirkətlərinin Azərbaycanın kimya sənayesi ilə maraqlandıqlarını və bu sahəyə sərmayə yatırmağa hazır olduqlarını qeyd edib.

Görüşdə həmçinin Azərbaycan-Avstriya Əməkdaşlıq Şurasının fəaliyyətindən danışılıb, bu qurumun iki ölkə arasında əlaqələrin inkişafına töhfə verdiyi qeyd olunub.