Kanadanın baş naziri: İran istəmədən Ukrayna təyyarəsini vurub

Ukraynanın “Beynəlxalq Hava Yolları” aviaşirkətinə məxsus “Boeing 737-800” sərnişin təyyarəsinin Tehranda təsadüfən İran raketi ilə vurulmasını təsdiqləyən müxtəlif məlumatlar var.

“RİA Novosti” xəbər verir ki, bunu Kanadanın baş naziri Castin Trüdo bəyan edib.

Bundan əvvəl “CBC” telekanalı Vaşinqtonun Ottavaya həmin təyyarə qəzasının İrana məxsus zenit-raket komplekslərindən açılan atəş nəticəsində baş verdiyini sübuta yetirən kəşfiyyat məlumatları ötürdüyünü xəbər vermişdi.

“Son saatlarda insidentlə bağlı bizə vacib məlumatlar verildi. Təyyarənin İrana məxsus “yer-hava” tipli raket ilə vurulmasını ortaya qoyan bir neçə mənbədən əldə olunmuş kəşfiyyat məlumatlarına malikik”, - deyə kanadalı dövlət başçısı mətbuat konfransında bildirib. Onun sözlərinə görə, əldə olunmuş məlumata əsasən, təyyarə istəmədən vurulub.

Eyni zamanda, Trüdo qəzanın əsl səbəblərini müəyyən etmək üçün nəticə çıxarmağa tələsməməyə, hərtərəfli və şəffaf araşdırma aparmağa çağırıb.