Azər Şükürov: Kamran Əsədovun bu fikri cəfəngiyyatdan başqa bir şey deyildir

Təhsil eksperti Kamran Əsədov bu gün  Texniki Universitetin, Memarlıq və İnşaat Universitetinin, Neft və Sənaye Universitetinin hazırladığı bir çox ixtisaslı kadrlara əmək bazarında ehtiyac olmadığını bildirib. O qeyd edib ki, “Mexanika, Materialşünaslıq mühəndisliyi”, “Dağ-mədən mühəndisliyi”, “Meterologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi”, “Metallurgiya mühəndisliyi” , “Biotibbi texnologiya mühəndisliyi” kimi və bir-birinə iqtisadiyyat istiqamətində yaxın olan ixtisaslar öz əhəmiyyətin itirib yoxa çıxacaqlar. Kamran Əsədovun bu fikirlərinə münasibət öyrənmək üçün dağ – mədən mühəndisi, “Azinterpartlayış-x” MMC-nin direktoru Azər Şükürovla əlaqə saxladıq. Azər Şükürov qeyd etdi ki, Kamran Əsədovun digər ixtisaslar haqqında fikirlərinə münasibət bildirmək istəməzdim. O sahələrin öz mütəxəssisləri var. Ancaq onun dağ-mədən mühəndisliyi ixtisasının əhəmiyyətini itirib yoxa çıxacağı fikri haqqında qeyd etmək istərdim ki, bu fikir cəfəngiyyatdan başqa bir şey deyildir. Kamran Əsədov təhsil üzrə ekspert ola bilər, amma inanmıram ki, dağ-mədən sənayesinin Azərbaycan iqtisadiyyatında perspektivləri ilə bağlı ekspert kimi çıxış etmək üçün Əsədovda dəqiq məlumatlar olsun.  Dağ-mədən sənayesi qeyri-neft sektorunun ən nəhəng sahələrindən biridir. Qətiyyətlə bildirirəm ki, yaxın gələcəkdə dövlət büdcəmizin formalaşmasında dağ-mədən sənayesindən gələn gəlirlər böyük rol oynayacaq. Bu sahəni inkişaf etdirmək üçünsə dağ-mədən mühəndislərinə böyük ehtiyac var. Daha dəqiq desək, bu sahə dağ-mədən mühəndisləri olmadan irəli gedə bilməz. Diletantların bu sahədə fikirlər söyləməsi isə ancaq və ancaq təəssüf doğurur.

“Hələ Sovet İttifaqı dövründə ümummilli lider Heydər Əliyev Azərbaycanda dağ-mədən sənayesinin perspektivini görərək, azərbaycanlı gənclərin ittifaqın müxtəlif respublikalarında bu sahə üzrə təhsil almasına xüsusi diqqət yetirirdi. Şəxsən mən də o dövrdə Moskva Dağ-Mədən İnstitunda bu ixtisasa yiyələnmişəm. Təəsüflə bildirmək istərdim ki, bu gün bu sahədə Azərbaycanda kadr çatışmazlığı var. Dağ-mədən sənayesi inkişaf etdikcə bu çatışmazlıq özünü daha çox göstərəcək”,- Azər Şükürov bildirib.   

Yerveinsan.az