Məhsuldarlıq ötən ilə nisbətən çox yüksəkdir

Ölkə ərazisində taxıl biçini davam edir. Artıq arpa sahələrinin yarıdan çoxunda biçin başa çatıb.

Bu il ayrı-ayrı rayonlarda arpa üzrə məhsuldarlıq ötən ilə nisbətən çox yüksəkdir.

 

18 rayonda orta məhsuldarlıq respublika göstəricisinin üzərindədir. Bu il Tərtər rayonunda 10600 hektar sahədə taxıl, o cümlədən 4543 hektar sahədə arpa əkilib. Artıq arpa sahələrinin 2362 hektarında biçin başa çatıb. Tərtərli fermerlər sahələrdən bugünədək 8031 ton məhsul toplayıblar. İlkin yığımda orta məhsuldarlıq 34 sentnerə çatıb.

 

Ümumilikdə, respublikada bugünədək taxıl zəmilərinin 1,9 faizində biçin başa çatıb, 221394 hektar sahədən 683225 ton məhsul yığılıb. Respublika üzrə orta məhsuldarlıq 30,9 sent/ha, arpa üzrə 30,6 sent/ha, buğda üzrə 32,9 sent/ha təşkil edir. Məhsudarlığın yüksək olmasında yeni subsidiya mexanizminin tətbiqi də mühüm rol oynayıb.

 

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 14-15 iyun tarixlərində narıncı zonaya daxil olan şəhər və rayonlarla yanaşı, Salyan, Kürdəmir, Yevlax və İsmayıllı rayonlarında da sərtləşdirilmiş karantin rejimi tətbiq edilib. Lakin Nazirlər Kabineti bu rayonlarda aktiv taxıl biçini getdiyini nəzərə alaraq fermerlərin və mexanizatorların müvafiq arayış əsasında sahələrə çıxmasına icazə verib.

 

Qeyd edək ki, bu il Azərbaycanda 1010218 hektar sahədə payızlıq taxıl əkilib. Bunlardan 640978 hektarı buğda, 369240 hektarı arpa sahələridir.