Zərərçəkmişlər Vilyam Hacıyevdən 7,5 milyon manat tələb etdi - Məhkəmə
Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş kimi tanınan qurumların nümayəndələri çıxış edib.
İmişli İcra Hakimiyyətinin nümayəndəsi çıxışında icra hakimiyyətinə dəyən 6 milyon 600 min 640 manat ziyanın ödənilməsini istəyib.
Bundan başqa, İmişli rayon Regional Mədəniyyət İdarəsinin nümayəndəsi 31 min 270 manat, DOST agentliyinin nümayəndəsi 674 min manat, İmişli rayon Mərkəzi Xəstəxanasının nümayəndəsi isə 67 min 830 manat zərərinin Vilyam Hacıyevdən tutularaq ödənilməsini tələb ediblər.
Prosesdə daha sonra Vilyam Hacıyevin vəkili Elmar Kərimov çıxış edərək bildirib ki, müvəkkilinə verilən ittihamların məhkəmə istintaqı zamanı sübuta yetirilmədiyini, bir çox şahidin ibtidai istintaq dövründə verdiyi ifadələri təsdiq etmədiyini qeyd edib.
"Uzun müddətdir ki, məhkəmə araşdırması gedir. Dövlət ittihamçısının çıxışı çox qısa oldu, ümumi sözlər dedi. Bu məhkəmə iclasında 100-dən artıq şahid dindirildi. Hamısı Vilyam Hacıyevi tanımadığını bildirdi və birbaşa münasibətdə olmadığını dedilər. Hətta bir sıra şahidlər istintaqa ifadəsini də təstiq etmədi. Bu nə deməkdir? Belə çıxır ki, müstəntiq özü ittiham aktına özündən ifadələr yazıb. Məhkəmə buna qiymət verməlidir.
Demək, küçədən keçən adam gəlib deyəcək ki, Vilyam Hacıyevə pul vermişəm, o sübut kimi qeydə alınmalıdır? Cəmil Musayev uzun müddət vəzifədə olub, niyə heç yerə Vilyam Hacıyevdən şikayət etməyib? İndi hamı deyir ki, Cəmil Musayevə pul vermişəm. Cəmil də heç bir sübut olmadan işi üzərindən atır, deyir ki, Vilyam Hacıyevə pul verib. Mən də deyə bilərəm ki, sizə pul vermişəm. Bunu sübuta yetirmək lazımdır", - vəkil deyib.
Vəkil çıxışında Vilyam Hacıyevin səhhətində olan problemləri də məhkəmənin diqqətinə çatdırıb. O, həmçinin, Vilyam Hacıyevə qanunsuz odlu silah saxlama maddəsi ilə verilən ittihamın da əsassız olduğunu deyib: "Vilyam Hacıyevin evindən aşkarlanan ov tüfəngi mağazadan sənədi ilə alınıb. Buna görə onun həmin maddə ilə ittiham olunması əsassızdır. Üzərinə həbs qoyulan əmlakların isə heç biri Vilyam Hacıyevin adına deyil".
Proses iyulun 18-də davam etdiriləcək.
Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.
Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.//Trend