Sumqayıtda narkotik vasitənin təsiri altında avtomobili idarə edən şəxs saxlanılıb

Sentyabrın 11-də saat 12 radələrində Sumqayıt şəhərinin Ceyranbatan qəsəbəsi ərazisində manevr qaydalarını pozan “Chevrolet” markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, polis əməkdaşları tərəfindən sürücü - Bakı şəhər sakini Ramin Qədimovun narkotik vasitənin təsir altında olması müəyyən edilib. O və sərnişinləri - Xəqani Rəhimov, əvvəllər məhkum olunmuş Səbuhi Məlikov Sumqayıt Şəhər Polis İdarəsinə təhvil veriliblər.

Polis İdarəsində S.Məlikovun çantasına baxış zamanı oradan heroin, metamfetamin, preqabalin, 5 ədəd tramadol həbi, 1 ədəd metadon həbi, elektron tərəzi və 2 ədəd bıçaq aşkar olunaraq götürülüb.