“AzerGold” QSC-nin kollektivi şəhid Muxtar Qasımlının xatirəsini yad edib

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Vətən müharibəsində şəhid olmuş əməkdaşı Muxtar Qasımlının şəhadətinin 2-ci ildönümündə məzarı ziyarət edilib. Ziyarətdə iştirak edən Cəmiyyətin kollektivi Muxtar Qasımlının əziz xatirəsinə sonsuz ehtiramını bildirib, məzarı önünə əklil qoyub, gül dəstələri düzüb.

Xatırladaq ki, “AzerGold” QSC-də Mühafizə xidmətində çalışmış Muxtar Qasımlı Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan zabiti kimi 27 sentyabr 2020-ci il tarixində başlanan Vətən müharibəsi zamanı ordu sıralarına yazılaraq Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. O, 2 oktyabr 2020-ci ildə ağır döyüşlərin getdiyi Füzuli rayonunun Alxanlı kəndində qəhrəmancasına vuraşaraq şəhidlik zirvəsinə ucalıb.

Baş leytenant Muxtar Qasımlı Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə cənab Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Qeyd edək ki, Muxtar Qasımlı ilə yanaşı, “AzerGold” QSC-nin Vətən müharibəsində iştirak etmiş daha bir əməkdaşı – Rauf Əsgərov da Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalıb.

“AzerGold” QSC Vətən müharibəsində şəhid olan bütün hərbçilərimizi qürurla anır, onların əziz xatirələrinə hörmət və ehtiramını bildirir.

Fotosessiya