İctimai elmlər üzrə problem şurasının iclasında dissertasiya mövzuları müzakirə olunub
Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının İctimai elmlər üzrə problem şurasının növbəti iclası keçirilib.
AMEA-dan bildirilib ki, onlayn təşkil edilən iclasda problem şurasının sədri akademik Nərgiz Axundova gündəlikdəki məsələləri diqqətə çatdırıb. Nərgiz Axundova elmlər və fəlsəfə doktoru hazırlığı üzrə daxil olmuş 94 dissertasiya mövzusunu təqdim edib.
Müzakirə zamanı 40-a yaxın dissertasiya işinin adında elmi və texniki redaktələr edilib, 3 dissertasiya işinin adı elmi tələblərə cavab vermədiyindən və ixtisasla uyğunluq təşkil etmədiyindən baxılması üçün müvafiq elmi şuralara qaytarılması tövsiyə olunub.
Həmçinin qeyd olunanları nəzərə alaraq, akademik Nərgiz Axundova, şuranın sədr müavini professor İlham Məmmədzadə, elmi katib dosent Şölət Zeynalov iddiaçılar və elmi rəhbərlərlə müzakirə zamanı dissertasiyaların həm adlarında, həm də məzmununda təkrarlara yol verməməyi tövsiyə ediblər.
Sonda dissertasiya mövzuları ilə bağlı müvafiq qərarlar qəbul olunub.

