Arvadını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Bu il iyunun 4-də Gəncə şəhər sakini 1990-cı il təvəllüdlü Gülüzar Həsənovanın öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Gəncə Şəhər Prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Gəncə Şəhər Prokurorluğundan bildirilib ki, aparılmış istintaqla, zərərçəkmişin əri 1985-ci il təvəllüdlü Sabir Şabanovun birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Gülüzar Həsənovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Sabir Şabanov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.