ƏMİROV SEYİDNƏBİ ABUZƏR oğlunun anadan olduğu gündür

 Filizçay kolçedan-polimetal yatağının ehtiyatlarının hesablanmasında, filiz faydalı qazıntı yataqlarının geoloji-kəşfiyyat işlərinin aparılmasında xidmətləri olan ƏMİROV SEYİDNƏBİ ABUZƏR oğlunun anadan olduğu gündür. Təbrik edirik! Can sağlığı arzulayırıq!
Əmirov S.A. 1951-ci ildə Neftçala rayonunun Seyidlər kəndində anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) geoloji-coğrafiya fakültəsini mühəndis-geoloq ixtisası üzrə bitirmişdir. 1974-cü ildən Azərbaycan Geologiya idarəsinin Baş Qafqaz geoloji kəşfiyyat ekspediyasının Filizçay geoloji-kəşfiyyat partiyasında böyük texnik geoloq kimi əmək fəaliyyətinə başlamışdır. Geoloji partiya Respublikada həmçinin keçmiş Sovetlər İttifaqının Avropa hissəsində ən böyük kolçedan-polimetal yatağı hesab edilən Filizçay yatağında geoloji-kəşfiyyat işləri aparırdı. 1974-1984-cü illərdə yatağın dərin horizontallarının kəşfiyyatı aparılmış, ehtiyatı hesablanaraq keçmiş SSRİ-nin Dövlət Ehtiyyatlar Komitəsində müdafiə edilmişdir. Əmirov S.A. 1982-1984-cü illərdə yatağ üzrə tərtib edilmiş 12 cildlik hesabatın əsas müəlliflərindən biridir. 1984-1990-cı illərdə Böyük Qafqaz geoloji-kəşfiyyat ekspedisiyasının geoloji-kəşfiyyat partiyalarında baş geoloq, rəis və tematik dəstənin rəisi kimi əmak fəaliyyətini davam etdirmişdir. 1990-1993-cü illərdə Sənayedə İşlərin Təhlükəsiz aparılması və Dağ-Mədən Nəzarəti Komitəsində müfəttiş vəzifəsində çalışmışdır. 1993-2000-ci illərdə Əmirov S.A. “Azərqızıl” şirkətinin “Azərqızılkəşfiyyat” dövlət firmasında baş mühəndis vəzifəsində çalışmışdır. 2001-2006-cə illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin Faydalı Qazıntıların Operativ Kəşfiyyatı Ekspedisiyasında baş mühəndisi işləmişdir. Əmirov S.A. 2006-2020-ci illərdə Fövqaladə Hallar Nazirliyinin Dağ-Mədən Dövlət Agentliyində baş məsləhətçi-baş müfəttiş vəzifəsində çalışmışdir. 2020-ci ilin iyun ayından sülhməramlı partlayış işlərini yerinə yetirən “Azinterpartlayış-X” MMC-də baş mütəxəssis vəzifəsində çalışır. Geologiya sahəsində xidmətlərimə görə “Yer təkinin əlaçı kəşfiyyatçısı” fəxri adına, həmçinin Azərbaycan Geologiya İdarəsinin Fəxri Fərmanlarına layiq görülmüşdür. 5 geoloji hesabatın və 7 elmi məqalənin müəllifidir.