Şotlandiyadakı soydaşlarımız beynəlxalq birliyin diqqətini Edilli cinayətinə yönəldib

Şotlandiyada yaşayan Azərbaycan icması Xocavənd rayonunun Edilli kəndində aşkar olunmuş kütləvi məzarlıqlarla bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, “Buta” Azərbaycan-Şotlandiya Assosiasiyasının sədri, Britaniya Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Nərgiz Morrisonun adından “Human Righs Watch”, “Front line defenders”, “Human Rights Initiative”, “Freedom House” və digər beynəlxalq təşkilatlara ünvanlanan müraciətdə soydaşlarımızın Edilli cinayətindən dəhşətə gəldikləri, hiddətləndikləri qeyd edilib.

Edillidə aşkar olunmuş qalıqların Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş azərbaycanlılara məxsus olduğuna, Ermənistanın indiyədək 4000-dək azərbaycanlının taleyi və kütləvi dəfn yerləri barədə məlumatları təqdim etməkdən boyun qaçırdığına, 30 illik işğal dövründə xalqımıza və ölkəmizə qarşı törətdiyi müharibə cinayətlərini dünya ictimaiyyətindən gizlətməyə çalışdığına diqqət cəlb edilib.

Edilli faciəsi Ermənistanın növbəti hərbi cinayətinin sübutu kimi qiymətləndirilib.

Assosiasiya sədri beynəlxalq birliyi hüquqi müstəvidə Ermənistanın qəbuledilməz davranışına birdəfəlik son qoyulması, müxtəlif vaxtlarda etnik zəmində törətdiyi sülh və insanlıq əleyhinə cinayətlərə görə cavabdeh şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində təcili addımlar atmağa çağırıb.