Coğrafiya İnstitutunda Milli Təşəbbüs Qrupunun iclasi keçirilib
Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Regional Dialoqun İnkişafı və Planlaşdırılması üzrə Azərbaycanda Milli Təşəbbüs Qrupunun dördüncü toplantısı keçirilib.
İnstitutdan Yerveinsan.az-a bildirilib ki, toplantı “Qafqazda adaptiv bacarıqların gücləndirilməsi” layihəsi çərçivəsində “Azərbaycan bölgələrinin turizm-rekreasiya rayonlaşdırılması” mövzusuna həsr olunub. Tədbiri keçirməkdə məqsəd Qafqaz cəmiyyətini təmsil edən müxtəlif maraqlı tərəflər üçün alimlər, dövlət qulluqçuları və iş adamlarından ibarət vahid platforma yaratmaq olub. Toplantıda Milli Təşəbbüs Qrupu, Davamlı Qafqaz Təşkilatı, Dövlət Turizm Agentliyi, Dövlət İdarəçilik Akademiyası və digər əlaqədar təşkilatların nümayəndələri iştirak edib.
İclasa sədrlik edən institutun şöbə müdiri coğrafiya elmləri doktoru Rza Mahmudov gündəlikdə duran məsələlərlə iştirakçıları tanış edib. Sonra o, turizmin ölkə iqtisadiyyatındakı rolu və əhəmiyyəti, Azərbaycanda turizmin inkişafı və s. haqqında məlumat verib.
Davamlı Qafqaz Təşkilatının Azərbaycan üzrə nümayəndəsi Fuad Bağırov təmsil etdiyi təşkilat, onun məqsəd və fəaliyyəti, keçirdiyi tədbirlər, eləcə də gələn ilin iyun ayında Gürcüstanın Kutaisi şəhərində keçiriləcək İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi (SDC) və BMT-nin Ətraf Mühit Proqramı tərəfindən dəstəklən beynəlxalq forum barədə söz açıb.
Milli Təşəbbüs Qrupunun həmsədri, Radiasiya Problemləri İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvi İslam Mustafayev çıxış edərək, Kutaisidə keçiriləcək beynəlxalq forumun əhəmiyyəti, Azərbaycanın orada fəal iştirakının vacibliyi və Regional Ekoloji Mərkəzin fəaliyyəti haqqında danışıb.
Coğrafiya İnstitutunun Turizm və rekreasiya coğrafiyası şöbəsinin müdiri coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmrani “Azərbaycanın regionları turizm-rekreasiya rayonlaşdırılması”, institutun aparıcı elmi işçisi coğrafiya üzrə fəlsəfə doktoru, dosent Məmməd Sadıqov “Azərbaycanda kənd və çöl turizminin inkişafının zəruriliyi”, ADU-nun dosenti, coğrafiya üzrə fəlsəfə doktoru Vüqar Dərgahov “Azərbaycanda kənd və çöl turizminin inkişafının zəruriliyi” mövzusunda məruzə ilə çıxış ediblər.
Çıxışlar ətrafında müzakirələrdən sonra iclas öz işini yekunlaşdırıb.

